Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Ceyhun Sultanovun matc.az saytına müsahibəsi

- Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına bu gün “Qarabağ” - “Səbail” matçı ilə start veriləcək. Ağdam klubunun birinci matçda 1:0 hesablı qələbə qazandığını nəzərə alsaq, ilk yarımfinalçının məhz “köhlən atlılar” olacağını deyə bilərik?

- “Səbail”in şansı çox azdı. İnanmıram ki, “Qarabağ” bu üstünlüyü əldən versin. İlk görüşdə 0:1 hesabı ilə uduzan “Səbail” üçün geridönüş etmək çox çətin olacaq. Hamı kimi, mən də “Qarabağ”ı favorit sayıram və onların yarımfinala adlayacağını düşünürəm.

- İlk oyunda qolsuz heç-heçə edən “Sumqayıt” və “Sabah” arasındakı cavab matçından gözləntiniz nədi?

- “Sabah”ın yarımfinala adlamaq şansı daha çoxdu. “Sumqayıt”ın hazırkı durumuna, çempionatda turnir cədvəlində “Sabah”dan aşağıda olmasına və stabil oyun göstərməməsinə görə “Sabah”ı daha üstün görürəm. İlk görüşdə heç-heçə qeydə alınmasına və cavab matçının Sumqayıtda keçirilməsinə baxmayaraq, mənə görə bu görüşün favoriti “Sabah”dı.

- Keçək “Zirə” - “Araz-Naxçıvan” cütünə. Sizcə, ilk oyunda 0:1 hesabı ilə uduzan “qartallar” revanş ala biləcəklər?

- “Araz-Naxçıvan” ilk oyunda qələbə qazansa da, mənə görə bu cütün favoriti yoxdu. Şanslar indiki halda da bərabərdi. Kim az səhv edəcəksə və bəxti gətirəcəksə, o da yarımfinala adlayacaq.

- Səfərdə keçirilən ilk oyunda “Kəpəz”ə 2:0 hesabı ilə qalib gələn “Neftçi”ni artıq yarımfinalda saymaq olar?

- Şübhəsiz, favorit “Neftçi”di. İlk oyunda qeydə alınan 2:0 hesablı qələbə yaxşı üstünlükdü. İnanmıram ki, “Neftçi” bu üstünlüyü əldən versin. Düşünürəm ki, “ağ-qaralar” yarımfinala adlayan tərəf olacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest