Tovuzda yeni azarkeş qrupu yaradılıb.

Matc.az xəbər verir ki, “The Hunans” azad azarkeş qrupu bu barədə yaydığı quruluş bəyanatında məlumat verib.

“Hörmətli Turan azarkeşləri, Tovuz və futbol ictimaiyyətinin nümayəndələri, bu bəyanat vasitəsilə “The Hunans” azad azarkeş qrupunun yaranması barədə məlumatı nəzərinizə çatdırmaq istərdik.

“The Hunans” Bakı şəhəri və Tovuz rayonunda yaşayan bir qrup müstəqil və öz klubunu ürəkdən sevən Turan azarkeşinin təşəbbüsü ilə yaradılmış azad azarkeş qrupudur. Qrupun əsas məqsədi “Turan Tovuz” futbol klubuna ev və səfər oyunlarında dəstək göstərməkdir. Azarkeş qrupu olaraq missiyamız Turan tribunasını daha da inkişaf etdirmək və ölkə səviyyəsində birincilər pilləsinə qaldırmaqdır.

“The Hunans” bu bəyanatdan sonra aktiv fəaliyyətə başlayır. Qrupun fəaliyyətə başlaması üçün bir müddətdir üzvlərimiz tərəfindən intensiv işlər görülməkdədir. Artıq qrupun ilkin strukturu formalaşdırılmış, idarə heyəti və müvafiq koordinatorlar təyin edilmişdir. Qeyd edək ki, “The Hunans” Bakı və Tovuzda olmaqla iki qoldan ibarətdir, lakin idarəetmə vahid bir idarə heyəti vasitəsilə baş tutacaqdır. Qrupumuzda tələblərlə iş, təbliğat və təşviqat, azarkeş bəstələri, texniki və atributika üzrə müvafiq koordinatorlar artıq öz vəzifələrini tutmuşdur.

“The Hunans” azad azarkeş qrupu kimi fəaliyyət göstərəcəyi üçün klubdan heç bir maliyyə dəstəyi almayacaqdır. Qrupun maliyyə fondu üzvlərimizdən könüllülük əsasında toplanan vəsaitlər hesabına formalaşacaqdır.

“The Hunans” azad azarkeş qrupunun yaranması heç bir hadisəyə reaksiya olaraq yox, zərurətdən yaranan təşəbbüs kimi anlaşılmalıdır. Bu təşəbbüs böyük Turan tribunasının bölünməsi üçün deyil, əksinə, onun inkişafına xidmət etmək üçündür. “The Hunans” qrupunun yaradıcı üzvləri ümumi Turan tribunasının inkişafı ilə bağlı əlavə imkanlar gördüyü üçün yeni azad azarkeş qrupunun yaranmasını zəruri hesab etmişdir. Daha öncə də qeyd etdiyimiz kimi missiyamız Turan tribunasını inkişaf etdirmək və komandamıza ən yaxşı şəkildə dəstəyimizi göstərməkdir.

Qrupumuzun gələcək fəaliyyəti və yeniliklər barədə məlumat əldə etmək üçün bizi sosial media səhifələrimizdən izləyə bilərsiniz.

Hörmətlə, “The Hunans” azad azarkeş qrupu”

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest