"Belə oyunlarda psixoloji təzyiq çox olur. Yüz faizli iki epizodumuz oldu".
"Kəpəz" Misli Premyer Liqasının 31-ci turunda səfərdə "Şamaxı"ya 1:2 hesabı ilə məğlub olub.
Matc.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyuna itkilərlə gəlmişdik. Bir neçə futbolçumuz zədəli və cəzalı idi. Rəqib bir səhvimizdən istifadə edib önə keçdi. Şanslarımız olsa da, dəyərləndirə bilmədik. İrəliyə baxmaq və çox çalışmaq lazımdır.
- Qələbə qazansaydız, "Şamaxı"ya çatırdız. Buna görə heyfslənirsiz?
- Heyfslənmək bizə bir şey verməyəcək. Səhvlərdən nəticə çıxarmaq lazımdır.
- Zədəli futbolçulardan növbəti oyuna kimlər hazır olacaq?
- Mahamadu Ba qayıdacaq. Rauf Hüseynlinin qayıtmaq ehtimalı 50/50-dir.
- "Sumqayıt" və "Şamaxı" ilə oyunlarınız alınmır. Bunun səbəbi nədir?
- Hər şey ola bilər. Bu gün rəqibə elə də çox şans vermədik. Belə oyunlarda psixoloji təzyiq çox olur. Yüz faizli iki epizodumuz oldu. Yəqin ki, bu gün bizim günümüz deyildi.