"Sabah" bu gün Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyununda səfərdə "Petrokub"a 2:0 hesabı ilə qalib gəlib.

Matc.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında təmsilçimizin baş məşqçisi Valdas Dambrauskas Moldova klubu üzərində qələbə ilə bağlı fikirlərini bildirib:

"Çox çətin oyun oldu. Rəqib bu oyuna kimi artıq 7 matç keçirmişdi. Bu oyunlar əsasında onları yaxşı təhlil etmişdik. Yəni rəqibi təhlil etmək üçün kifayət qədər materialımız var idi. Bura sadəcə müdafiə olunmağa və ya əks-hücumda şans axtarmağa yox, öz oyun üslubumuzu meydanda göstərmək, oyuna nəzarət etmək niyyətilə gəlmişdik. Düzdür, oyunda enişli-yoxuşlu anlar oldu, xüsusilə də birinci hissədə. Bəzən istədiyimizi tam göstərə bilmədik.

İkinci hissədə isə, xüsusilə ilk 5-7 dəqiqədə, bir qədər çətinlik yaşadıq. Üzərində işləməli olduğumuz çox məqam var. Qoldan sonra oyunu çox yaxşı şəkildə bağladıq. Rəqib təzyiq etməyə çalışsa da, biz topa nəzarət edə bildik, boş oyunçunu tapdıq ki, bu da məhz komandamın oynamasını istədiyim tərzdir.

Avropada səfərdə qalib gəlmək çox önəmlidir. Qapımızı toxunulmaz saxladıq, iki qol vurduq – bu yaxşı nəticədir, amma iş hələ bitməyib. İki oyundan ibarət cütlükdə heç vaxt hər şey ilk oyunda həll olunmur. İndi geri qayıdıb, cavab oyununa hazırlaşmalıyıq".

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 31-də, "Bank Respublika Arena"da baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest