“Əlbəttə, “Zirə”ni qiymətləndirməyə bilmərik. “Bu, Azərbaycan komandasıdır” deməməliyik”

Zaqreb “Dinamo”sunun sabiq baş məşqçisi İliya Lonçareviç Xorvatiya klublarının avrokuboklardakı şanslarını dəyərləndirib. Matc.az xəbər verir ki, 80 yaşlı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında “Hayduk”un UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” önündə şanslarına da toxunub.
 
O, “Hayduk”un işinin çətin olacağını bildirib: “Hayduk”un “Zirə” ilə matçda 5 gənc oyunçu ilə meydana çıxması müsbət haldır. Komanda yaxşı təsir bağışladı. Əlbəttə, “Zirə”ni qiymətləndirməyə bilmərik. “Bu, Azərbaycan komandasıdır” deməməliyik. Çünki heyətinə baxdıqda görürük ki, kifayət qədər yaxşı və təcrübəli komandadır. “Hayduk”a əsl maneə ola bilərlər. Ümid edirəm ki, “Hayduk” cavab görüşündə “uşaq xəstəliklərindən” əziyyət çəkməz, yenə sadəlövh qollar buraxmaz. Aydındır ki, hücumda daha effektiv oyun gözlənilir ki, “Zirə”nin qapısına yol tapmaq mümkün olsun. Bu mərhələni keçmək təmsilçimiz üçün böyük uğur olar”.
 
Qeyd edək ki, bu gün Splitdəki “Polyud” stadionunda keçiriləcək “Hayduk” – “Zirə” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bakıdakı ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest