"Benfika"nın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqası Liqa mərhələsinin "Çelsi" ilə matçından əvvəl açıqlama verib.
Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssis ilk turda "Qarabağ"a məğlubiyyətin onların işini çətinləşdirdiyini bildirib:
“Avropada olmaq turnirini qazanmaq barədə düşünmək demək deyil. Biz bundan o qədər uzağıq ki, hətta bu barədə düşünmək belə zərərlidir, çünki yarış hələ indi başlayıb. Hazırda elə bir mərhələdəyik ki, hər xal böyük əhəmiyyət daşıyır, xüsusən də hamımızın az təcrübəsi olduğu bu formatda. Mən bu formata bələdəm, çünki ötən il UEFA Avropa Liqasında oynamışam. Amma bu bir qədər qəribə formatdır: elə çox komanda turnir cədvəlində yer alıb ki, onlarla oynamırsan. Bu komandalar qarşısında öz taleyini nəzarətdə saxlamaq imkanın yoxdur, ona görə də hər xal vacibdir. Heç kim inciməzsə deyim ki, “Benfika”nın təqvimini nəzərə alanda, "Qarabağ"la matçda 3 xal qazansaydıq, bu, başlanğıc nöqtəsi ola bilərdi. Sonra burada bir xal, orada üç xal toplanır və beləliklə, mərhələ adlamaq mümkün olur. Hazırda bunun nəticəsində bir qədər çətin vəziyyətdəyik, amma hər oyuna qələbə qazanmaq niyyəti ilə çıxmalıyıq”.