"Bu gün meydançada istədiyimizi etdik. Rəqibin etmək istədiklərinin qarşısını aldıq. Oyunçularımı təbrik edirəm".
“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 22-ci turunun açılış matçında “Sumqayıt”la üz-üzə gəlib.
Matc.az xəbər verir ki, 3:0 hesabı ilə qalib gələn bölgə təmsilçisinin baş məşqçisi Azər Bağırovun oyundan sonra mətbuat konfransı keçirilib. Bağırov maraqlı oyun alındığını bildirib:
“Bütün azarkeşlərimizə təşəkkürümü bildirirəm və qələbəni də onlara həsr edirəm. Xüsusən, onların arasında bir qazi azarkeşimiz var idi, hansı ki, təzəlikcə uşağı olub. Təbrik edirəm.
Oyuna gəlincə, maraqlı oyun alındı. Bu gün meydançada istədiyimizi etdik. Rəqibin etmək istədiklərinin qarşısını aldıq. Oyunçularımı təbrik edirəm.
“Sabah”la matçda son dəqiqələrdə qol buraxdıq. Düşünürəm ki, həmin oyunda da yaxşı çıxış etmişdik. Məncə, o matçın motivasiyası qalmışdı və bu həftə hazırlıq ərzində onu saxlaya bildik. “Sabah”la bizim də oyunumuz intriqalı olmuşdu. Onların “Qarabağ”la qarşılamaları mənim üçün adi bir oyundur. Sadəcə, izləyib özüm üçün təhlillər aparacam”.
Bağırov, növbəti dəfə komandasının üzvü Ryonosuke Ohori ilə bağlı iddialara aydınlıq gətirib. İddia olunurdu ki, yaponiyalı futbolçu həftə ərzində keçirilən bütün məşqlərdə iştirak etsə də, “Neftçi” ilə 20-ci turdakı matça aparılmayıb. Bağırov isə elə həmin vaxt futbolçunun gözündə problem olduğunu demişdi:
“Ohorini həkimə özüm aparmışdım. Məndə onun qəbzləri də var. Mətbuata göstərmək üçün demirəm, Bakıya getdikdə kim istəsə, göstərə bilərəm”.



_1772220365.jpg)








