"Kəpəz"də belə sponsorun olmasındansa, mövcud vəziyyətdə qalması daha yaxşıdır".

"Kəpəz"in ötən ilədək İdarə Heyətinin üzvü olmuş Müşfiq Cəfərov komandanın turnir cədvəlindəki yerindən, klub rəhbərliyinin yarıtmaz siyasətindən narazı qalanların başında gedir. Onun bu yaxınlarda öz sosial şəbəkə hesabında yazdığı status gündəmə oturdu.

Matc.az xəbər verir ki, 2020-ci ildən Gəncənin millət vəkili olan 44 yaşlı deputat Prosport.az-ın suallarını cavablandırıb. Lakin öncə onunla basketbolda "Gəncə" komandasının finalda "Sabah"ı məğlub edərək Azərbaycan Kubokunu qazanması barədə danışılıb.

– “Gəncə” basketbol klubu çempion oldu. Favorit “Sabah” göstərilirdi. Bu barədə fikirlərinizi bildirərdiniz...
– Təbii ki, bu qələbə bizi sevindirdi. Ümumiyyətlə həm futbolda, həm basketbolda, həm voleybolda mən həmişə Gəncə komandasının yanındayam və oyunları izləyirəm. Kubokdakı qalibiyyət də bizim üçün sevindiricidir. Həqiqətən yaxşı oynadılar və status da yazdım ki, sağ əli bizim futbolun başına (gülür). Həqiqətən istəyərdik ki, futbolda da belə uğurlar olsun. Orada da kifayət qədər böyük şərait yaradılıb. Basketbolun tanıtımı Gəncədə çox yaxşıdır, azarkeşlərdə maraq var və oyunlara gəlirlər. Biz finalda bu dəstəyi gördük. Çünki azarkeş dəstəyi olmasa, qələbə qazanmaq çətin olar. Basketbolçular da yaxşı oynadı, meydanda "can qoydular”. Ümid edirəm ki, gələcəkdə də qələbələr davam edər.

– “Kəpəz” çempionat oyunlarını Tovuzda, Yevlaxda keçirir. Gəncədə yeni stadion var, amma hələ də "Kəpəz"in ev oyunları orada olmur. Bunun səbəbi nədir?
– Stadion hazırdır. Sadəcə, ot örtüyü məsələsi var. O da may ayına qədər tamamlanmalıdır. Bilirsiniz ki, sifarişçi Gənclər və İdman Nazirliyidir. Sifarişçi tərəfindən deyilib ki, may ayınadək qazon tamamlanacaq. Həmin vaxt isə çempionat oyunları başa çatıb. İnşallah, növbəti mövsümdən etibarən ev oyunları Gəncədə olacaq.

– Siz "Kəpəz" rəhbərliyini tənqid etmişdiniz. Eyni gündə, eyni saatda həm basketbolda, həm də futbolda "Sabah"la Gəncə təmsilçiləri qarşılaşırdı. Yəqin ki basketbolda olsanız da, bir gözünüz həm də də futbolda idi...
– Təbii ki. Futbolda uduzdular və bu bizi məyus edir. Çünki komanda bizim üçün doğmadır. Mən illərdir ki, komandanın yanındayam və "Kəpəz"lə nəfəs alan çoxlu sayda azarkeşlər var. Bu cür nəticələr bizi məyus edir. Feysbuk statusumda da qeyd etmişəm ki, əsas problem rəhbərlikdədir. Baş məşqçidə bir problem görmürəm. O, işini görür, kifayət qədər peşəkardır. Ötən mövsümdə də bu məşqçi komandanı çətin vəziyyətdən çıxardı. İndi də çalışır və öz üzərində işləyir. Şükürlər olsun ki, məşqçi ilə bağlı heç bir problemimiz yoxdur. Məşqçinin işinə təkan verən oyunçu seçimi də var. Bu məsələyə klub rəhbərliyi cavabdehdir. Mən rəhbərlikdə təmsil olunmadığım üçün qərarların necə verildiyini bilmirəm. Ancaq izləyirik...

– Siz rəhbərliyi tənqir edirsiniz. Eyni zamanda həm də Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvüsünüz. "Kəpəz"ə yeni sponsor tapmaq üçün arayışınız varmı?
– Hazırda var. Sponsorla bağlı da müəyyən danışıqlar aparılıb. Ancaq indiki vəziyyətdə anlaşılan deyil ki, rəhbər kimdir? Rəsmi rəhbər bəllidir. Amma faktiki klubu kim idarə edir, necə edir, o, aydın deyil. Bu, xoşagələn deyil və azarkeşlər də buna reaksiya verir. Mətbuat da bu məsələləri işıqlandırır. Ümid edirəm ki, AFFA-nın bununla bağlı ən azından növbəti mövsüm üçün hansısa layihəsi olar. Çünki bu mövsüm artıq may ayında başa çatır. Növbəti mövsüm başqa "Kəpəz"in olmasına ümid edirəm. Ciddi sponsor gələcəyini düşünürəm. Çünki bu cür sponsorun olmasını istəmərik. "Kəpəz"də belə sponsorun olmasındansa, mövcud vəziyyətdə qalması daha yaxşıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest