"Bütün klublarımıza, o cümlədən öz komandamıza avrokuboklarda uğurlar arzulayıram. İnanırıq ki, debüt mövsümümüzdə layiqli şəkildə mübarizə aparacağıq. Bizim üçün böyük təcrübə olacaq". Matc.az saytının məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.

Paytaxt təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində sabah Rumıniya klubu "Universitatya Krayova"nı qəbul edəcək.

38 yaşlı mütəxəssis "ASCO Arena"da baş tutan mətbuat konfransında rəqibin güclü olduğunu bildirib: "Rəqib haqda müsbət sözlər deməyə məcburam. Püşk zamanı potensial rəqiblərimizdən ən güclüsü düşdü. Amma ruhdan düşmürük. Az səhv etsək, istədiyimiz oyunu nümayiş etdirə bilərik. Mövsüm bitəndən sonra 11 futbolçu ilə yollarımızı ayırdıq. Bəziləri biz istəməsək də, getdilər. Onların yerinə 6-7 futbolçu gətirdik. Hələlik istədiyim rəqabəti komandamda görə bilmirəm. Amma təcrübəli oyunçularımıza güvənirik. Onların təcrübəsindən faydalanacağımza inanırıq. Rəqibin baş məşqçisi yeni olsa da, 6 ildi bu klubdadı. İnanmıram ki, sistemi dəyişələr. Yüksək pressinq tətbiq edən futbolçulara malikdilər. Bunların qarşısını alıb, rəqibi təəccübləndirməyi düşünürük. 11 futbolçumuz getdiyi üçün komplektləşmə gec alındı. Uyğunlaşmaq üçün zaman lazımdı. Hələlik tam istədiyimiz səviyyədə deyil".

Hacıyev deyib ki, avrokubokda debüt etmək onların üzərinə təzyiq yox, məsuliyyət qoyur: "Səbail" 3 ildi yaranıb və avrokuboka düşməyin özü klub üçün uğurdu. Mövsüm başlamazdan öncə rəhbərliklə danışdıq. Strategiyamızı legionerləri azaldıb, yerli oyunçuların sayını artırmaq üzərində qurmağa qərar verdik. Mirabdulla Abbasovun da özünü göstərməsini istərdik. İstədiyimiz nəticə ən azı məğlub olmamaqdı. Bundan sonra səfər matçı haqda düşünəcəyik. Arxa xətdə səhv etməmək üçün müəyyən planlarımız var. Ən böyük problemimiz qapıdı. Aleksandr Rıbka və Kamal Bayramov zədəlidi. Daniel Bojinovski və ya Elxan Əhmədova şans verəcəyik".

Qeyd edək ki, sabah "ASCO Arena"da keçiriləcək "Səbail" - "Universitatya Krayova" oyunu saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest