Nyu-Yorkun Tayms meydanında Beynəlxalq Futbol Federasiyasının prezidenti Canni İnfantinonun yenidən bu posta seçilməsinə qarşı etiraz banneri yerləşdirilib.
Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Bildirilir ki, bannerin üzərində "FİFA tacirə yox, liderə layiqdir" sözləri yazılıb. Həmçinin mətndə "İnfantinoya yox" həştəqindən istifadə olunub.
İyul ayında bəlli olmuşdu ki, İnfantino təşkilatın əsas kişi və qadın yarışlarına nəzarət edəcək şirkət yaratmaq istəyir. Onun fikrincə, "FIFA Forward Enterprise" adlı şirkətin qurulması FİFA-ya üzv assosiasiyaların gəlirlərini artıracaq və bütün dünyada futbolun inkişafına töhfə verəcəkdi. Qurumdan verilən bəyanatda bu layihənin 4,2 milyard dollar cəlb edə biləcəyi qeyd olunmuşdu.
Lakin bu təşəbbüs funksionerlər, federasiyalar və digər təşkilatlar tərəfindən kütləvi şəkildə tənqid və ittiham olunub. Xüsusilə, İnfantinonun təklifini Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyası (KONKAKAF), Asiya Futbol Konfederasiyası (AFC) və Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) rədd edib. Daha sonra isə Afrika Futbol Konfederasiyası, Argentina Futbol Assosiasiyası və bir sıra digər milli federasiyalar İnfantinoya dəstək nümayiş etdiriblər.
Xatırladaq ki, 56 yaşlı İnfantino 2016-cı ilin fevralında FİFA prezidenti seçilib. Bundan sonra o, iki dəfə alternativsiz əsasda yenidən bu vəzifəyə gətirilib. Ali futbol qurumunun növbəti rəhbər seçkiləri 2027-cı ilin martında Mərakeşdə keçirilməlidir.

_1788614444.jpg)
_1788611807.jpg)










