Əfsanəvi fransız hücumçu Kərim Benzema "Lion"da təmənnasız oynamaq istəyib.
Matc.az xəbər verir ki, bu barədə Fransanın nüfuzlu "L'Equipe" nəşri məlumat yayıb.
Bildirilir ki, cari ilin avqust ayının sonunda "Əl-Hilal"la müqaviləsini ləğv edən və hazırda azad agent statusunda olan 38 yaşlı hücumçu heç bir maaş almadan doğma klubunun şərəfini qorumağa razılıq verib.
Fransa klubunun rəhbərliyi Benzemanı bu şərtlərlə dəvət etməyə hazır olsa da, keçidə futbolçunun digər müqavilə öhdəlikləri mane olub. Kərim Səudiyyə Ərəbistanı çempionatının rəsmi səfiri layihəsində yer aldığı üçün başqa turnirdə oynamaq hüququna sahib deyil. Onun səfir kimi müqaviləsinin müddəti isə 2030-cu ildə başa çatacaq və həmin vaxt forvardın artıq 43 yaşı olacaq.
Bununla əlaqədar olaraq, Benzemanın yaxın vaxtlarda karyerasını rəsmən başa vurduğunu elan edəcəyi ehtimalı olduqca yüksəkdir.
Qeyd edək ki, "Lion"un yetirməsi olan Benzema, bu komandanın əsas heyətində 2004–2009-cu illərdə çıxış edib və bütün turnirlərdə meydana çıxdığı 148 matçda 66 qola imza atıb.













