"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasında "Sportinq"lə keçiriləcək oyun öncəsi hücum xətti ilə bağlı yeni qərar verib.

Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Bildirilir ki, İstanbul klubunun Çempionlar Liqasında həftəiçi keçiriləcək "Sportinq" matçı öncəsi bütün hesablamaları qələbə üzərində qurulub. Lakin Viktor Osimhen və Mario Leminadan gələn zədə xəbərləri məşqçilər korpusunun planlarını dəyişib.

Hər iki önəmli futbolçunun ən azı 3 həftə meydanlardan uzaq qalacağı gözlənilir. Baş məşqçi Okan Buruk isə mövcud heyətdən maksimum yararlanmaq üçün köməkçiləri ilə birlikdə gərgin işə başlayıb.

Təcrübəli mütəxəssisin hücum xəttindəki planı böyük ölçüdə dəqiqləşib. Osimhenin yoxluğunda mərkəz hücumçusu mövqeyində Barış Alper Yılmazdan istifadə etməyi düşünən Buruk, sol cinahı Saneyə, sağ cinahı isə Yunus Akgünə tapşırmağı planlaşdırır. Bununla da "Qalatasaray"ın hücumdakı sürətinin və əks-həmlə gücünün artırılması hədəflənir. Mərkəzdə isə Leminanın yoxluğunu dolduracaq gedişat üzərində axtarışlar davam edir.

Okan Burukun son vaxtlar çıxışı müzakirə olunan bəzi oyunçularla təkbətək görüşlər keçirdiyi və onları "Sportinq" sınağına psixoloji cəhətdən hazırlamağa çalışdığı öyrənilib. Çempionlar Liqasına qələbə ilə başlamağı hədəfləyən "sarı-qırmızılılar"ın məşqçilər heyəti Kəmərburqaz bazasında düşərgə salıb. Buruk və köməkçiləri heyət seçiminin daralmasına baxmayaraq, rəqib qarşısına ən güclü heyəti çıxarmaq fikrindədir.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turu çərçivəsində keçiriləcək "Sportinq" – "Qalatasaray" qarşılaşması sentyabrın 9-da baş tutacaq. Portuqaliyanın Lissabon şəhərindəki "Joze Alvalade" stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Mübarizəni Norveçdən olan baş hakim Espen Eskas idarə edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest