"Barselona" klubu bəyanat yayaraq Madrid "Real"ının Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) təqdim etdiyi sənədlərin yeni işin açılması və ya köhnə araşdırmanın bərpası anlamına gəlmədiyini bildirib.

Matc.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, klub "Neqreyra işi" ilə bağlı yayılan son xəbərlərə aydınlıq gətirmək məqsədilə rəsmi mövqeyini açıqlayıb.

"UEFA klubumuza qarşı yeni intizam işi açmayıb. Bu araşdırmalar hələ 2023-cü ildə təyin olunmuş iki müfəttiş tərəfindən başladılıb və o vaxtdan bəri lazımi addımlar atılır. Klubumuz hər zaman bütün tələbləri yerinə yetirib. Bu iş yenidən bərpa olunmayıb, çünki heç vaxt bağlanmayıb. UEFA-nın bəyanatı sadəcə Madrid "Real"ından sənədlərin daxil olduğunu və müfəttişlərin mövcud araşdırma çərçivəsində onlara baxacaqlarını təsdiqləyir", - deyə "Barselona"nın bəyanatında bildirilir.

Kataloniyalılar hazırda İspaniyada gedən cinayət işinin nəticələrindən asılı olan bu proseslə bağlı UEFA tərəfindən kluba hər hansı yeni sorğu və ya Madrid klubunun şikayətinin daxil olmadığını vurğulayıblar.

Qeyd olunub ki, araşdırmanın başlanğıcından bəri "Barselona" UEFA lisenziyalarını problemsiz şəkildə almağa və qurumun bayrağı altında keçirilən turnirlərdə çıxış etməyə davam edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest