Mövsümün əvvəlində çempionatla bağlı gözləntilər yalnız iki komanda arasında yarışın olacağı yönündə idi. Hər kəsi yalnız çempionun "Qarabağ", yoxsa "Neftçi" olacağı düşündürürdü.

Təbii ki, böyük əksəriyyət "Qarabağ"ı bir addım öndə görürdü və Ağdam klubunu indidən çempion saymaq da olar. Qurban Qurbanovun yetirmələrinə heyət baxımından yalnız "Neftçi" badalaq vura bilərdi. Ancaq geridə qalan 11 turda hər kəsi yaxşı mənada təəccübləndirən komanda "Neftçi" yox, "Keşlə" oldu. O "Keşlə" ki, heyətində yer alan futbolçuların ümumi maaşı, bəlkə də, "Neftçi"nin 2-3 oyunçusunun məvacibinə bərabərdi.

Məhdud büdcə ilə mövsümlərarası fasilədə edilən transferlər sanki bu günə hesablanmışdı. Franko Floreslə Miyuşko Bojoviç ilk gündən müdafiənin mərkəzində elə tandem təşkil etdilər ki, sanki uzun müddəti bir yerdə çıxış edirlər. Komandanın 13 qolundan beçinin müəllifi olan Lorenzo Frutos indidən "Qarabağ", "Neftçi" kimi büdcəsi geniş olan komandaların diqqətini çəkməyi bacarıb.

Tərlan Əhmədova yaxşı tanış olan Stanislav Namaşko, hamının artıq siyahıdan sildiyi Ruslan Qurbanov da yenidən "Keşlə"də özlərini "tapdılar". Birillik Rumıniya macərasından sonra icarəyə götürülən Sezar Meza Kolli isə qaldığı yerdən davam etməyi bacardı. Adıçəkilən oyunçularla yanaşı, Vüsal İsgəndərlinin də çıxışını qeyd etməmək haqsızlıq olar. Dinamikliyi ilə komandaya əlavə enerji qatan 24 yaşlı yarımmüdafiəçi bunun mükafatı olaraq artıq əsas milliyə də çağırılır.

Sabiq "bankirlər" mövsümə yaxşı başlamasa da, Tərlan Əhmədov əvvəlki komandalarda olduğu kimi, "Keşlə"də də qısa müddətdə kollektiv ruhu formalaşdırmağı bacardı. Təsadüfi deyil ki, paytaxt təmsilçisi artıq 7 turdu məğlubiyyətin nə olduğunu bilmir. ötən turda isə "Neftçi"ni yenərək, onları turnir cədvəlində geridə qoydular və 2-ci pilləyə yüksəldilər. Yayda Rauf Əliyev, Stiven Jozef-Monroz, Dario Frederiko, Vild-Donald Gerye kimi yüksək ödənişli oyunçularla güclənən "Neftçi"ni.

İkinci yer uğrunda mübarizədə əsas rəqiblər hazırkı durumda bu iki komandadı. Bəs onları bir-biri ilə müqayisə etsək, hansı mənzərə ortaya çıxar? "Neftçi" cəbhəsində ağlamalı durum ondadı ki, bu komandanın hətta ehtiyat qüvvəsi onu turnir cədvəlində qabaqlayan "Keşlə"nin əsas heyətindən qat-qat güclüdü. Rəqibin bir futbolçusunun (Sezar Meza Kollinin) əlində əsir-yesir olan baş məşqçisi Roberto Bordin isə bu postda əvəzlədiyi və ötən turda ona dərs keçən Tərlan Əhmədovdan 10 dəfədən də çox maaş alır. Bütün bunlar "ağ-qaralar"ın prezidenti Kamran Quliyevin baş məşqçi dəyişikliyi ilə nə qədər səriştəsiz rəhbər olduğunun təsdiqlədi. Görünən odu ki, "Neftçi" rəsmilərinin başı bahalı atlara qarışıb və komandanın düşdüyü durumdan çıxarmaq haqda fikirləşən yoxdu.  

Maraqlıdı, prezident postunda Quliyevin yerində Bordin olsaydı, baş məşqçiliyə özü kimi aşağı səviyyəli əcnəbini gətirib, ona yüzminlər verərdi, yoxsa az maaşla komandanı medalçılar sırasına daşıyan Əhmədova etibar edərdi? Hələ nəzərə alaq ki, "Keşlə" bu mövsüm ev üzü görməyib. Bakılılar rəqiblərini gah "Dalğa Arena"da, gah "Bakcell Arena"da, gah da "ASCO Arena"da qəbul ediblər. Təsadüfi deyil ki, səfər matçlarında hələ uduzmayan komanda cari mövsüm hər iki məğlubiyyətini ev oyunuda alıb. Meydan sahibi sayıldığı qarşılaşmalarda 8 xal itirən "Keşlə" ev oyunlarını "ASK Arena"da keçirsəydi, bəlkə indi "Neftçi" üçün də əlçatmaz olacaqdı.

"Keşlə"nin bəxti onda gətirib ki, işlədiyi yerlərdə nəticə verməyi bacaran klub prezidenti və baş məşqçiyə sahibdi. Həm Zaur Axundov, həm də Tərlan Əhmədovun sıfırdan komanda qəbul edib, onu uğura daşıması hadisəsi ilk dəfə baş vermir. Bu üzdən rəhbərliklə məşqçilər korpusu mövsümün sonuna qədər yumruğu bir nöqtəyə vuracağı təqdirdə, "Keşlə"nin gələn mövsüm avrokuboklarda yer alması şübhə doğurmur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest