“O uşaqlar Azərbaycanda doğulmasalar da, ölkəmizin havasını udub, suyunu içiblər, bu torpaqda böyüyüblər. Məncə, Serbiyanı Azərbaycandan az görüblər”. Bu sözləri matc.az saytına müsahibəsində “Neftçi” klubunun prezidenti Kamran Quliyev deyib.

Premyer Liqanın IV turunun “Keşlə” ilə oyunundan öncə “Neftçi”nin müdafiəçisi Voyislav Stankoviçin iki azyaşlı oğlunun Azərbaycan himnini oxuması diqqətdən yayınmadı. Sosial şəbəkələrdə paylaşılan həmin video xoş qarşılandı. Maraqlıdı, “Neftçi” rəhbərliyi futbolçularla bu yöndə işlər görürmü?

Quliyevin fikrincə,  Stankoviç ibrət götürüləsi adamdı: “Söhbət tək xarici oyunçulardan getmir. Bəlkə 3-4 nəfər olub ki, Azərbaycanda oynadığı istənilən klubda liderə çevrilib. Stankoviç həm “İnter”də, həm “Qəbələ”də, həm də “Neftçi”də markasını saxlayır. Futbolçular hər gün ondan nəsə götürürlər. Münasibəti, bu yaşda meydançada can qoyması nümunədi. Futbol ömrü 35-36 yaşa kimi olur. Ancaq mən Stankoviçin futbola münasibətindən irəli gələn proqnoz verə bilərəm ki, 38-39 yaşına kimi oynaya bilər. Allah ona imkan, güc versin. Bütün futbolçulara hörmətim var. “Neftçi”yə heç kim elə-belə gələ bilməz.

Ötən mövsüm çempion olmuşuq. Elə-belə çempion olmaq mümkün deyil. Bu rəqabətdə həm insani, həm də futbolçu keyfiyyətinə görə Stankoviç seçilir. İnanmıram ki, kimsə onun uşaqlarını oxumaları üçü öyrədib. İlk növbədə ata-anaları onlara himnimizə, bayrağımıza, bu torpağa, bu millətə hörməti öyrədib. İbrət götürüləsi bir hadisədi. Qürur hissi ilə deyirəm ki, serblər o yaşda himnimizi oxuyur. Digərləri də onlardan nümunə götürə bilərlər”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest