Gürcüstanın Güləş Federasiyasının prezidenti Qeqe Qeqeşidze saxlanılıb. Matç.az saytı xəbər verir ki, buna yunan-Roma güləşi üzrə ölkə çempionatının 87 kq çəkidə Robert Kobliaşvili ilə Zurab Datunaşvili arasında keçirilmiş final görüşündəki qalmaqal səbəb olub.

Tbilisidə İdman Sarayındakı yarışda bütün diqqətlər ikiqat Avropa çempionu (2016, 2017-ci illər) Datunaşvili ilə hazırkı Avropa çempionu Kobliaşvili ilə duelə yönəlib. Görüşün sonuna bir neçə saniyə qalmış Datunaşvili hakimlərdən birinə etirazını sərt şəkildə bildirib və onu təhqir edib. İdmançının qardaşı və məşqçiləri də münaqişəyə qarışıb. Sözlü münaqişə tezliklə bitsə də, yerini bir qədər sonra kütləvi davaya verib. Maraqlıdı ki, davada fəal iştirak edənlərdən biri də federasiya prezidenti olub. Kadrlarda Qeqeşidzenin metal əşya ilə Datunaşvilinin başına vurduğu görünür. Bu zərbə idmançının başının qanamasına səbəb olub.

Datunaşvili sosial şəbəkə vasitəsilə prezidenti ona fiziki təzyiq göstərməkdə ittiham edib. O, həmçinin yığmada hərc-mərclik və korrupsiya haqda fikirlərini yazıb. Hadisə ilə bağlı cinayət işi qaldırılıb. Hadisə iştirakçılarını bir-bir dindirən hüquq-mühafizə orqanlarının çağırışına baxmayaraq, Qeqeşidze ifadə verməkdən imtina edib. Buna baxmayaraq, "Geqa" ləqəbli funksioner saxlanılıb.

Federasiya prezidenti qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunur. Gürcüstan qanunlarına əsasən, bu cür hallar üçün pul cəriməsi, islah işlərinə cəlb olunma, 120-180 saat həbs, 6 aydan 2-ilə qədər ev dustaqlığı və ya 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest