Tural Piriyevdən paylaşım gözləyirəm. Saytda gedən yazılardan inciyib status “guppuldadan”, “əhatə dairəsindən” dəstək şərhləri alan Futbol İnkişaf Fondunun sədri bu tənqidə də dözməməlidir. Axı, “Quba” klubunun təsisçisi və prezidenti olan Ayaz Abdullayev sosial şəbəkədəki paylaşımı ilə faktiki onu ifşa edib.
 
Abdullayevin durğu işarələrindən yerində istifadə etmədiyi paylaşımını olduğu kimi təqdim etmək qərarına gəldik. Nəyisə redaktə etmək yazının ruhunu öldürərdi. Onsuz da hər şey anlaşılır. Elə isə daha çox ürək yanğısı olan cümlələri olduğu kimi oxuyun:
 
“Futbolla bağlı son sözüm…
Hər şeyi etdim. Bildiyiniz hər şeyi. Bütün imkanlarımı səfərbər etdim. Bu komanda yaşasın deyə döymədiyim qapı, ağız açmadığım insan qalmadı.
Amma görünür, əsl məsələ tamam başqa imiş… Məsələ nəymiş?)
Keçən il Quba çempionatı 3-cü yerdə başa vurdu. Bu nəticəyə gəlmək isə heç də asan olmadı.
Komanda sayı artırılacaqdı, biz avtomatik 1-ci liqaya qalxacaqdıq.
Bir gün ölkəyə haray saldım ki, Quba komandası oyuna getməyə pul tapa bilmir. Bu hadisə viral oldu, hər kəs paylaşdı, hər kəs danışdı. Həqiqətən Qubanı sevən 5-6 nəfər ortaya çıxdı. Dedilər ki, birader, biz komandanı götürmək istəyirik.
Həmin şəxslər Futbolun İnkişafı Fondu (FİF) vasitəsilə mənimlə əlaqə saxladılar. Mən də açıq danışdım. Bəli, müəyyən borclar var idi. Dedim, bu borcları bağlayın, komandanı təhvil alın, yoluna davam etsin. Halbuki söhbət indiyə qədər bu komandaya qoyulmuş vəsaitin heç 5 faizi qədər olmayan bir məbləğdən gedirdi. Razılaşmışdılar. Çox da maraqlı idilər.
Amma sonra nə baş verdi, bir bilsəz?
Bir az haşiyəyə çıxım.
Səbailin əvvəlki rəhbərliyi məlum səbəblərdən ayrıldıqdan sonra komandanın maliyyələşdirilməsi… Nəysə, ad verməyim. Və görünür, bu, bəziləri üçün yaxşı bir fürsətə çevrildi.
 
Qubanı götürmək istəyən, Qubalı olan həmin insanlara bizim komanda əvəzinə Səbail təklif edildi. Altını çizərək yazıram bunu. Qubanın əvəzinə Səbaili təklif etdilər. Adamların Quba sevgisini avantaja çevirdilər. Daha doğrusu, Səbail onlara elə təqdim olundu ki, sanki başqa seçimləri yoxdur. Bir sözlə, Qubanı kənarda qoyub, Səbaili verdilər. Səbailin də adını dəyişib Quba edəcəklərdi. Mövcud vəziyyətdə niyə dəyişmir, ki, mən 3 dəfə komandanın adını dəyişmişəm, 2-3 günlük prossesdir. Çünki FİF buna icazə vermir. Səbəbləri narmalniy araşdırmaq jurnalist işidir:)
Komanda sayını artırmadılar a kişi, Qəsdlə. Başqa adı belə yoxdu. Amma bu il artıracaqlar, Səbail çempion ola bilməsə.
Maraqlıdır ki, bu gün Səbailin rəhbərliyində olan şəxs də vaxtilə FİF-də çalışıb. Hansı statusda olduğunu, rəsmi, yoxsa qeyri-rəsmi bilmirəm. Amma bütün bu hadisələrin ardıcıllığı istər-istəməz suallar yaradır.
Əslində nə gözəl olardı… Qubalı qardaşlarımız komandanı götürərdilər, borcları bağlayardılar, İkinci Liqada çempion olardılar, sonra da Birinci Liqanı, ardınca Premyer Liqanı düşünərdilər. Bölgənin öz komandası, öz azarkeşi, öz gələcəyi olardı. Mən də rahatlıqla kənara çəkilərdim. Nə lazım olsa təmənnasız kömək edərdim.  Nə şiş yanardı, nə də mən:)
Ədalətli də olardı.
Amma görünür, Qubanın belə bir hekayə yaşamasını istəyənlər az imiş.
FİF-in Qubaya münasibəti də ayrıca bir mövzudur. Elə bil, bizim komandanı gözləri götürmədi. Gah İmişlini gətirdilər Qubaya. Gah sponsor adı ilə, bütün məlumatları, təqdimatları məndən aldılar. Sonra necə deyərlər kendi maraqları.
İndi isə bir neçə sualım var.
FİF-in bu günə qədər gördüyü işlərin real nəticəsi nədir?
Mingəçevir? Bu gün komanda oyuna çıxa bilmir.
 
Zaqatala? Maaşlar əziyyətlə verilir. Hanı Music Gallery? Adam niyə ayrıldı?
Hanı Lerik? Hanı Araz Saatlı? Göygölü satıb, Marafonu almaqlar)
Şahdağ? Ümid edirəm, yanılaram. Amma bu komandaya xərclənən vəsaitlərin gələcəyi ilə bağlı da bir gün ciddi suallar yaranacağını düşünürəm. Komanda kimindir?! Sabah pul lazım olanda başqa nələr ola bilər?!
Bir məsələni də qeyd etmədən keçə bilmirəm. Bu qurumun illik xərcləri milyonlarla ölçülür. Ezamiyyətlər, səfərlər, müxtəlif seminarlar, görüşlər və sair.
Bəs bütün bu xərclərin sonunda ortaya qoyulan real nəticə nədir?
Ağstafada 20 ədəd tshirt satmaq? Şərfi də pay vermək?:) Ya ai ilə köhnə ideyaları təkrarlayıb uğursuz olmaq?:)
Sonra da bunu böyük bir iş, futbolun inkişafına verilən töhfə kimi təqdim etmək?
Nahaqqdan adamların o qədər büdcələrini xərclətdirdilər. Səbaildə Bu vaxta kimi rəqəmlər milyonlarla ölçülür.
Futbolun inkişafı keçirilən seminarların, ezamiyyətlərin, səfərlərin və hazırlanan hesabatların sayı ilə ölçülmür, qadası aldığım. Futbolun inkişafı ayaqda qalan klublarla, yetişən futbolçularla, qurulan infrastrukturlarla və davamlı maliyyə modeli ilə ölçülür.
Mənim heyfim gələn bu komandaların azarkeşləridir. Hər həftə ümidlə stadiona gələn, komandasına inanan, sevinən, üzülən insanlardır.
Çünki belə idarəçilikdə ən çox əziyyət çəkən yenə azarkeş olur. Bu gün bir komanda, sabah digəri… Bir müddət sonra yenə əl dəyişir, yenə yeni planlar, yeni vədlər başlayır. Yenə pərdə məsələsi.
Planlarım, hədəflərim var idi. Qubanın haqqı, belə demək mümkündürsə, Səbailin taleyinə qurban verildi.
Amma mən üzülmürəm. Çünki bilirəm ki, bu ölkədə zamanında üstü örtülmüş nə qədər məsələlər sonradan üzə çıxıb. Bir gün bu məsələlərə də obyektiv yanaşılacağına, müvafiq dövlət auditinin aparılacağına inanıram. Kim nə edib, hansı qərar hansı marağa xidmət edib, hansı vəsait hara yönəldilib. Niyə olub bu, niyə, niyə, niyə? Olacaq bu suallar.
Mənim vicdanım rahatdır.
Quba üçün əlimdən gələni etdim. Bəzən imkanım çatandan da artığını etdim.
Bəlkə də ən böyük səhvim futbolun təkcə sevgi, zəhmət və ədalətlə idarə olunduğunu düşünmək idi.
O bir məşhur səs vare, bizim inamımız, sizin büdcənizdən daha böyükdür.
Bu, mənim futbolla bağlı son paylaşımımdır.
Hər kəsə öz yolunda uğurlar!
Xəstəyəm mən. 40 dərəcə qızdırma ilə yazıram bunu, bir vaxtı 40 seriyalı avtobus alacağımı hədəfləmişdim. Nə qərib.
 
Bitdi”.
 
Bitən təkcə Abdullayevin arzuları deyil. Tural Piriyev də bitib. Bu paylaşımla yox, daha öncə, Araz bəyin yazdıqları sadəcə işbilməzin ifşasıdır. AFFA rəhbərliyi qərarını verib, FİF son günlərini yaşayır. Departamentə çevilən federasyalar kimi bu qurum da tezliklə tarixin yaddaşına köçəcək.
 
Piriyevin fəaliyyətinin araşdırılması gərəkli, hətta vacibdir. “Səbail”in aylardır adını dəyişməməsinin, vəd edildiyi kimi Qubanı təmsil etməməsinin də açıqlaması verilməlidir. FİF ləğv olunacaqsa, indiyə qədər baş verənlər unudulmamalıdır. Hamı əməllərinin hesabatını verməlidir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest