UEFA Çempionlar Liqasının 5-ci turunda sabah Bakı Olimpiya Stadionunda “Sabah”ın qonağı olacaq “Barselona”da əsas müzakirə mövzusu Lamin Yamalın yoxluğudu. Matc.az xəbər verir ki, cari mövsümdə kataloniyalıların heyətində hamıdan çox, yəni 1445 dəqiqə meydanda olan 19 yaşlı ulduz 13 qol və 13 məhsuldar ötürmə ilə komandanın əsas hücum silahına çevrilmişdi.
O, sağ topuğundakı narahatlığa görə Bakıya gətirilməyib. “Goal”, “Mundo Deportivo” və “Marca” kimi xarici idman nəşrləri baş məşqçi Hansi Flikin bu boşluğu doldurmaq üçün əlindəki variantları, həmçinin Joao Kanselonun cinahında yaranacaq taktiki boşluqların “Sabah”a hansı şansları verəcəyini təhlil edib.
Hansi Flikin hücum xətti üçün 5 variantı
Xarici mətbuatın yazdığına görə, almaniyalı mütəxəssisin Yamalı əvəzləmək üçün beş ssenarisi var.
1. Birbaşa əvəzetmə: Kərim Adeyemi. Ən real ssenari sağ cinahda Adeyeminin start heyətində yer almasıdır. Bu halda Flik komandanın düzülüşünü dəyişməyəcək: Antoni Qordon sol cinahda, Rafinya isə mərkəzdə qalacaq. “Borussiya” (Dortmund) və “Zalsburq”dakı çıxışlarından sağ cinaha yaxşı bələd olan Adeyemi sürəti ilə “Sabah”ın müdafiə xəttinin arxasına sızmağa çalışacaq.
2. Dani Olmo “saxta doqquzluq” rolunda. Bu variantda Rafinya təbii mövqeyinə, yəni sağ cinaha çəkilir, Olmo isə mərkəzdə “saxta doqquzluq” rolunu üzərinə götürür. O, oktyabrın 13-də “Qalatasaray”a qarşı səfər oyununda (4:1) bu mövqedə uğurla çıxış edib. Olmonun yarımmüdafiəyə enərək say üstünlüyü yaratması “Sabah”ın sıx müdafiəsini yarmaq üçün əsas açar ola bilər.
3. Qabriel Xesus faktoru. Ötən ay Rafinyanın zədəli olduğu dövrdə “Xetafe” və “Betis”ə qol vuran braziliyalı hücumçu da ehtiyat variantlar sırasındadır. Lakin Xesus noyabrın 3-dən bəri meydana çıxmayıb və son 6 oyunda cəmi 52 dəqiqə şans qazanıb.
4. “Saxta sağ vinger”: Fermin Lopes və ya Qavi. Fermin Lopesin “Vilyarreal”la son La Liqa matçında qırmızı vərəqə alması onun Çempionlar Liqasında start heyətində oynama ehtimalını artırır. Flik cinaha klassik vinger yerinə Fermin və ya Qavini yerləşdirməklə mərkəzə meyilli oyun qura və cinah dəhlizini tamamilə müdafiəçilərin ixtiyarına verə bilər.
5. Belçikalı istedad: Cessi Bisivu sürprizi. Heyətdəki ən diqqətçəkən yenilik yayda “Brügge”dən 8,5 milyon avroya transfer edilən 18 yaşlı Cessi Bisivunun ilk dəfə əsas komandaya çağırılmasıdır. Yay toplanışında “Bazel”ə 2 qol vuran gənc vingerin start heyətində çıxması riskli sayılsa da, oyunun gedişində şans qazanması gözlənilir.
Kanselonun cinahı və Nvaçukvu ilə duel
Xarici analitiklərin diqqət yetirdiyi ikinci əsas məqam Joao Kanselonun oyun üslubu və onun arxasında yaranacaq boşluqlardır.
Hücuma meyilli oyun, müdafiə riskləri. Çempionlar Liqasının geridə qalan 4 turunun hamısında əsas heyətdə çıxan və 2 məhsuldar ötürmə ilə yadda qalan portuqaliyalı müdafiəçi Yamalın yoxluğunda komandanın əsas yaradıcı qüvvələrindən birinə çevriləcək. Flikin yüksək pressinq və irəli çıxan müdafiə xətti sistemində Kanselonun tez-tez hücuma qoşulması onun arxasında geniş zonanın boş qalmasına səbəb olur.
“Sabah”ın əks-hücum planı. Valdas Dambrauskasın komandasının 4-2-3-1 sxemi ilə oynayacağı gözlənilir. Xarici icmalçılar hesab edirlər ki, İvan Lepirnisa və Umarali Raxmonaliyevin köməyi ilə topu ələ keçirdiyi anlarda “Sabah” oyunu dərhal cinaha yönəldəcək.
Nvaçukvu üçün böyük fürsət. Kanselonun irəli atıldığı epizodlarda arxada qalan boşluqlar “Sabah”ın 20 yaşlı nigeriyalı cinah hücumçusu Kristian Nvaçukvuya təkbətək qalmaq və sürət hesabına təhlükə yaratmaq imkanı verəcək. Qeyd olunur ki, “Barselona” Çempionlar Liqasındakı son 12 səfər oyununun hamısında qapısında qol görüb və Bakı təmsilçisinin əsas qol ümidi məhz bu cinah keçidləri olacaq.






_1692281007.jpg)






