İtaliya C seriyasının "Lukkeze" - "Alessandriya" oyununda qalmaqal yaşanıb. Matç.az saytı xəbər verir ki, bu dəfə futbolçular yox, məşqçilər arasında dava düşüb.
Məsələ burasındadı ki, qonaqlar ilk hissədə 2 top fərqi ilə önə keçsə də, fasilədən dərhal sonra fərqi azaldan "Lukkeze" 90+3-cü dəqiqədə status-kvonu bərpa edib. Bundan sonra "Alessandriya"nın köməkçi məşqçisi Qaetano Mançino rəqibin çalışdırıcısı Cankarlo Favarinə "ilişib" və onu qıcıqlandıran sözlər işlədib.
Buna qəzəblənən Favarin özünü Zinəddin Zidana, həmkarını isə Marko Materatsiyə bənzədərək, onu baş zərbəsi ilə yerə sərib. Oyundan sonra Favarin bildirib ki, Mançino ona tərəf tüpürüb və təhqiramiz ifadələr işlədib. Ancaq İntizam Komitəsi 61 yaşlı mütəxəssisə rəhm etməyib, onu 5 ay müddətinə məşqçilikdən uzaqlaşdırıb.
Deyilənə görə, Favarin həmkarını vurmazdan əvvəl oyunçularından birinə rəqibin istənilən futbolçusunun ayağını qırmasını tapşırıb.