"Desəm ki, bu illər mənim üçün normal və yaxşı keçib, düzgün olmaz. Hamı - uşaqlıq və gənclik illərini keçirən bütün insanlarda olduğu kimi məndə də eyni həyat tərzi olub. Sadəcə, mən 10 yaşımdan həyatımı idmana həsr etmişəm".

Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti və yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Elçin Cəfərovun müsahibəsi

- Öncə 60 illik yubileyiniz münasibətilə sizi təbrik edirik. Ötən illərə nəzər salanda düşünürmüsünüz ki, həyatınız enişli və çıxışlı illərlə keçib?

- Çox sağ olun. Allah sizə də qismət eləsin. Desəm ki, bu illər mənim üçün normal və yaxşı keçib, düzgün olmaz. Hamı - uşaqlıq və gənclik illərini keçirən bütün insanlarda olduğu kimi məndə də eyni həyat tərzi olub. Sadəcə, mən 10 yaşımdan həyatımı idmana həsr etmişəm. Məni idmana böyük qardaşım gətirib. Respublika Olimpiya İdman Liseyində (ROİL) təhsil almışam. Hazırda da ROİL-də fəaliyyət göstərən İsmayıl Çöpçiyevin rəhbərliyi altında yunan-Roma güləşi ilə məşğul olmuşam. Sonradan İsmayıl müəllimin məşqçisi, SSRİ-nin və Azərbaycanın əməkdar məşqçisi, rəhmətlik Fikrət Tahirovun rəhbərliyi altında fəaliyyət göstərmşəm. O, çox çox gözəl insan, güləşin sirlərini həddən artıq bilən mütəxəssis idi. Yetirmələri arasında xeyli məşhur pəhləvanlarımız var. Məsələn, SSRİ və Avropa çempionları ilə yanaşı, olimpiya çempionu Kamandar Məcidov. Mən də güləşçi kimi müəyyən nəticələr göstərdim. 25 yaşımda isə ciddi zədələr üzündən idmançı karyeramı dayandırmalı oldum. Ayağımdan iki dəfə əməliyyat olunduqdan sonra həkimlər mənim güləşməyimə icazə vermədilər.

- Bəs məşqçiliyi kimdən öyrəndiniz?

- Həm Çöpçiyev, həm də Tahirovdan məşqçiliyin sirlərini, bilinən və bilinməyən tərəflərini öyrənmişəm. Sonradan həyat elə gətirdi ki, onlarla "Dinamo" (indiki DİN) İdman Cəmiyyətində məşqçi kimi də işləməli oldum. Demək olar ki, gənclik illərimi o cəmiyyətdə keçirdim və yavaş-yavaş nəticələr əldə etməyə başladım. Daha sonra müəyyən müddət Uşaq-Gənclər İdman məktəblərində fəaliyyət göstərdim, Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində müxtəlif vəzifələrdə çalışdım. Nəhayət, 2001-ci ilin sonlarında yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi təyin olundum. Bu vəzifəyə təyinatımda ovaxtkı gənclər və idman naziri Əbülfəs Qarayevlə idman şöbəsinin müdiri, hazırda Bakının Nəsimi rayonunun icra başçısı olan Asif Əsgərov rol oynadılar.

- Məşqçi kimi fəaliyyətiniz dövrünü necə dəyərləndirərdiniz?

- Yığmada, demək olar ki, 10 ilədək çalışdım. Uğrular da qazandıq, nəticələr də. Təbii ki, uğursuzluqlar da, zədə problemi ilə üzləşənlər də oldu. Çox istedadlı güləşçilər var idi ki, onlardan yüksək nəticələr gözləyirdik, lakin alınmadı. Əvəzində elə idmançılar da ortaya çıxdı ki... Bir sözlə, çox iş görüldü, nəticələr də göz qabağındadır. Güləşçi kimi Avropa, dünya və olimpiya çempionu olmağı çox arzulayırdım. Çox təəssüf ki, bunların heç birini əldə edə bilmədim. Bunları baş məşqçi kimi əldə etdim, özü də artıqlaması ilə. Bu da böyük zəhmət və əziyyətin nəticəsində, mənə hərtərəfli dayaq olan insanların köməyi sayəsində baş verdi. Hər dəfə bu barədə söz düşəndə o insanları xatırlayır, onlara çox böyük minnətdarlığımı bildirirəm ki, çətin günlərdə mənə dəstək olublar, köməklik göstəriblər. İlk növbədə, dövlətimizin və Milli Olimpiya Komitəsinin (MOK) Prezidenti İlham Əliyev bütün idman ictimaiyyətinə hərtərəfli dəstək verdi. O, MOK-a gəlməklə nə qədər idmançının və məşqçinin xarici ölkələrdən Azərbaycana qayıtmalarına səbəb oldu. Bunlar elə-belə yox, həqiqətən də görülmüş işlərdir və indi də davam etdirilir.

- "40 yaş cavanlığın qocalması, 50 yaş isə qocalığın gəncliyidir" deyirlər. Bəs 60 yaş Sizin üçün nədir?

- 60 yaşı qocalığa doğru addım kimi dəyərləndirərdim. Amma mən hesab edirəm ki, yaş sadəcə rəqəmdir. Hər şey insanın özünü necə hiss etməsindən asılıdır. Gümrah hiss edirsə, deməli, cavandır.

- Bəs Siz özünüzü necə hiss edirsiniz?

- 5-10 il əvvəl necə idimsə, bu gün də elə. Dostlar məndən "60-a neçə çatdın" deyə soruşurlar. "Qaça-qaça gəldim, finişi keçdim" cavabını verirəm. Bu yaşadək Vətənimiz, torpağımız, bayrağımız və güləşimiz üçün şərəflə çalışmışam. Hazırda federasiyanın vitse-prezidenti kimi işimi davam etdirirəm və gələcəkdə də bunun üçün çalışacağam. Azərbaycanda güləş adi yox, köklü, qədim idman növlərindəndir. Ona görə də ölkəmizdə güləş olub, var və olacaq. Sadəcə, bu işi quranlarla və bilənlərlə davam etmək lazımdır. Biz də bunun üçün çalışırıq. Əsas məqsədimiz dünya və Avropa çempionatlarında, ən əsası, Yay Olimpiya Oyunlarında uğurla çıxış etməkdir.

- Böyük hissəsi işğal olunmuş Ağdam rayonundansınız. Müharibə dövrünü necə keçirdiniz?

- Çox çətin və ağır. Ağdam mənfur düşmənlər tərəfindən 1993-cü ildə işğal olundu. İndi hərə bir söz: gah "satdılar", gah da "verdilər" deyir. Hər halda Ağdamın böyük hissəsi bu gün düşmən tapdağındadır. Dağlıq Qarabağ uğrunda döyüşlərdə şəhid olanlara Allahdan rəhmət, əlillərə şəfa diləyirəm. Elə hadisələr olur ki, onlar insanın yadından heç vaxt çıxmır. Döyüşlər zamanı eyni gündə iki qardaşım mühasirədə olub: Biri polis, digəri Milli Ordunun əsgəri kimi. Polis qardaşım döyüşə-döyüşə mühasirədən çıxıb. Lakin hərbçi qardaşım Firəddin Cəfərov şəhid olub. O, Milli Qəhrəman Şirin Mirzəyevin taborunda Ağdərə döyüşləri zamanı ağır yaralanıb və həyatını xilas etmək mümkün olmayıb. Şəhidlərimizə heç bir işimizlə çata bilmərik. Çünki onlar müqəddəs, ucadırlar. Şəhidlik hər insana qismət olmur. Allah hamısına rəhmət eləsin! O günlər mənim üçün çox ağır keçdi. Qohum-əqrəbalarımızın didərgin düşmələri, məcburi köçkün həyatları, 20 yaşlı qardaşımın şəhid olması doğrudan da çox təsirlidir. Lakin bütün bunlara baxmayaraq, həyat - mübarizədir. O mübarizəni yaşamalı, keçməlisən. Məndən də sanballı, ad-sanlı insanlar torpaqlarımız uğrunda şəhid olublar. Onlar hamımızdan yüksəkdədirlər. Hər bir azərbaycanlının, hər bir qarabağlının həyatında o hadisələr unudulmaz iz buraxıb. Bu barədə çox danışmaq olar, amma mənim də, özüm kimi düşünənlərin də bir istəyi, bir arzusu var ki, o torpaqlar qaytarılsın. Fərq etməz: danışıqlar, sülh və ya hərb yolu ilə. Bu məsələnin hansısa həll yolu olmalıdır və hazırda ölkə rəhbərliyi səviyyəsində danışıqlar gedir. Elə məsələlər var ki, təkcə bizlik deyil. Dünya güclərinin maraqları Qafqazda, xüsusən Azərbaycanda toqquşur. Düşünürəm ki, bu məsələlər getdikcə Azərbaycanın xeyrinə həll olunacaq.

- Həmin dövrdə özünüz hansı işlə məşğul idiniz?

- Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsi sədrinin I müavini idim. Demək olar ki, Azərbaycan idmanına rəhbərlik edən şəxslərdən sayılırdım. Doğrudan da çox ağır dövr idi. Bir tərəfdən müharibə gedir, insanlar qaçqın və məcburi köçkün vəziyyətinə düşür, şəhid olurdular. Digər tərəfdən, Milli Ordunun silahla təchizatı məsələləri həll edilməli idi. Belə bir şəraitdə idmançılarımızın beynəlxalq yarışlara ezam olunmalarında problemlər yaranırdı. Elə olurdu ki, hansısa yarışa tam heyətlə getmək maliyyə ucbatından alınmırdı. Çünki bütün maliyyə cəbhəyə sərf olunurdu. Bu halda gedib deyə bilməzdik ki, müharibə dayandırılsın, biz yarışa gedirik. Bu, mümkünsüz idi. Lakin imkan daxilində, məsələn, 10 idmançı getməli idisə, 3-nü, 5-i getməli idisə, 2-ni göndərirdik. Beləliklə, yarışlardan kənarda qalmırdıq. O hadisələr zamanı idmançıların çoxu dözüb qalaraq, çıxışlarını davam etdirdilər və müəyyən uğurlar qazandılar. Bəziləri isə baxımsızlığa dözməyərək, idmandan uzaqlaşdılar, müəyyən qruplaşmaların təsiri altına düşdülər, hadisələr törətdilər. Bunlar da bir növ nəzarətsizlikdən irəli gəlirdi və zamanın tələbi idi. Çünki o dövrlər vəziyyət elə idi. Lakin zaman keçdikcə hər şey yoluna düşdü.

- Yəni indi fərq böyükdür...

- Təbii ki. Hazırda Azərbaycanda 100-dək olimpiya və qeyri-olimpiya növü üzrə yarışlar keçirilir. Onların hamısı federasiyaların, Milli Olimpiya Komitəsinin və dövlətin nəzarəti altında fəaliyyət göstərirlər, müəyyən uğurlar əldə ediblər. Bu da sevindirici hal, bütün dünyanın mübarizə apardığı narkomaniya, alkoqolizm və digər zərərli vərdişlərə qarşı ən təsirli, tərbiyəvi yoldur. Hamı idmanla məşğul olmalı, yaşlarından asılı olmayaraq, bədən tərbiyəsindən böyük idmana keçid etməlidir. Hazırda əsas məqsədimiz böyük idmanda uğurların əldə olunması və davam etdirilməsidir.

- Nə vaxt hiss etdiniz ki, titullu idmançılar yetişdirməyə qadirsiniz?

- Bunu heç kimdə əvvəlcədən demək mümkün deyil. Sadəcə, hansı işdə çalışmışamsa, yeganə məqsədim, amalım bu olub: Ciddi, dəmir nizam-intizam yaratmaq. İlk növbədə, bundan başlamışam. Heç bir yenilik, icad etməmişəm. Yığmaya baş məşqçi gəldiyim vaxt bəzi yaşlı və titullu güləşçilər var idi ki, onlarla müəyyən söhbətlər apardım. Amma islah olunmaq, yola gəlmək istəmədiklərini gördüm. Təbii ki, onlarla yolları tezliklə ayırdım. Özləri yüngül məşq və yarışların olmasını, bizim isə onları yola verməyimizi istəyirdilər. Bununla da nəticə verəcəklərinə ümid edirdilər. "Bizi çox yorur, əziyyət verirsiniz" deyirdilər. Amma bizim də öz hazırlıq planımız var idi. İdmançını yarışa aparanda nəyə görə uduzduğunu görür, fiziki, texniki-taktiki hazırlığının yerində olmadığına əyani şahidlik edirdik. Hər bir görüş 6 dəqiqə davam edirdi. Necə ola bilərdi ki, 3-cü dəqiqədən sonra güləşçi ləhləsin, dili çöldə qalsın, qolları işləməsin, rəqibi isə əksinə, özünü yorğun hiss etməsin? Bunları müqayisə, təhlil edə-edə belə nəticəyə gəldim ki, işləri tam fərqli formada görmək lazımdır. Beləliklə, müəyyənləşdirdiyimiz istiqamət üzrə fəaliyyətə başladıq. Həmin güləşçilərin isə özləri komandadan ayrıldılar. Tələblərə cavab verməyən idmançının milli komandada nə işi var? Onun özü də boş yerə kiminsə yerini tutduğunu gördükdən sonra "Gəlib-getməyim mənasızdır" deyirdi. Bunlar yazılmamış qanunlardır, hər bir komandada baş verə bilər və olur da. Sadəcə, hərədə bir cür baş verir. Lakin kim əziyyət çəkirsə, itmir.

- Nailiyyətləriniz arasında şah əsəri kimi hansını qeyd edərdiniz?

- Yaddaqalan nailiyyətlərim çox olub. Amma ən yaddaqalanı yəqin ki, 2004-cü il Afina Yay Olimpiya Oyunlarında Fərid Mansurovun qızıl medal qazanmasıdır. O, indiyədək də yunan-Roma güləşi növündə yeganə olimpiya çempionumuzdur. Daha əvvəl Kamandar Məcidov 1988-ci il Seul olimpiadasında buna SSRİ yığmasının üzvü kimi nail olmuşdu. Sonradan Mansurov iki dəfə dünya çempionu tituluna da yiyələndi. Bunu da yaddaqalan nailiyyət hesab edirəm. Eyni zamanda Avropa və dünya çempionu, ikiqat olimpiya mükafatçısı Rövşən Bayramovu qeyd edərdim. Bunlar da elə-belə yox, tarixi nəticələrdir. Vitali Rəhimov, Rəsul Çunayev, Həsən Əliyev, Elçin Əliyev, Elvin Mürsəliyev, Rafiq Hüseynov kimi yunan-Roma güləşçilərimiz də mənim rəhbərliyim altında Avropa və dünya çempionatlarında yüksək nailiyyətlər göstəriblər. Onlar Azərbaycan yığmasının özəyini təşkil ediblər və 10 ildən çox müddətdə ölkə idmanına mötəbər yarışlarda uğurlar qazandırıblar. Elələri var ki, 5-6 ölkənin qatıldığı turnirdə birinci yeri tutması ilə öyünür. Yarışın reytinqini, hörmətini aşağı salmaq olmaz. Olimpiya çempionununun yanında durub, hansısa əldəqayırma idman növündə dünya çempionu olduqlarını iddia edirlər. Baxırsan ki, bu hara, o hara. Belələrinin özləri də bilməlidirlər ki, olimpiya, dünya çempionu adı nə deməkdir. 150 ölkə arasında medal qazanmaq hara, 5-6 ölkənin qatıldığı turnirdə hansısa yeri tutmaq hara? Təəssüf ki, bunların fərqini bir çox hallarda itirirlər. İdman jurnalistləri belə hallara qarşı diqqətli olmalıdırlar. İlk növbədə, yarışın səviyyəsini yoxlamaq lazımdır. 5 yaşlı uşağı hava limanında göstərirlər, boynunda da 10 kq-lıq medal, deyirlər ki, bu, dünya çempionudur. Halbuki o uşağın özü heç bilmir ki, dünya nədir, çempionluq nə. Bunu əsl dünya çempionu ilə bərabər tutmaq olmaz axı... Bax, belə məsələləri bir qədər diqqətdə saxlasalar, buna nəzarət edilsə, daha yaxşı olar. Axı olimpiya çempionunu kiminlə müqayisə etmək olar? Yalnız olimpiya çempionu ilə. Namiq Abdullayev, Fərid Mansurov, Elnur Məmmədli, Toğrul Əsgərov, Zemfira Mehtahəddinova tarixi şəxsiyyətlərdir.

- Olimpiya çempionlarını sadaladınız. Bəs niyə onların heç biri ikiqat olimpiya çempionu ola bilmədi?

- Əslində ola bilərdilər. Belə bir şans Namiq Abdullayevdə də, Toğrul Əsgərovda da, Zemfira Mehtahəddinovada da oldu. Rövşən Bayramov iki dəfə olimpiadanın finalında çıxış etdi. Bir neçə idmançımızın belə şanşı olsa da, hakim haqsızlığı, psixoloji durum, özünün hazır olmaması kimi amillər buna imkan verməyib. Amma mən elə bir idmançı tanımıram ki, ikiqat-üçqat olimpiya çempionu olmaq istəməsin. Hamısı istəyir. Amma gərək bunu həyata keçirməyi də bacarasan. Belə çıxır ki, hazırlıq dönəmində hansısa problemləri olub. Bunun çıxış yollarını axtarıb tapmaq lazımdır ki, idmançılarımız nəyə görə olimpiadalarda bir dəfə parlayırlar və sonra sönürlər.

- Bəlkə, bu, bütün titulları əldə etdikdən sonra yenisini təkrarlamağa stimulun olmaması ilə əlaqədardır?

- "Artıq hər şeyi var, ona görə yenidən o əziyyəti çəkmək istəmir" fikirlərini düzgün saymıram. Hər bir idmançı tarixdə fərqli nəticə ilə qalmaq, adını tarixə yazdırmaq istəyər. Heç kim yeganə olimpiya çempionluğu ilə kifayətlənməz. Amma alınmayanda, nə etmək olar? Hamı uğurlarının davamını gətirmək istəyir. Bu, baş vermirsə, deməli, hazırlıq prosesində, yaxud çəkisində dəyişiklik olub. Tək-tük idmançılar olimpiadadan-olimpiadayadək eyni rejimə əməl edirlər. Vitaminləşmədən tutmuş yuxuya, yeməyədək hamısı əsas rol oynayır. Kim belə hallara ciddi nəzarət edirsə, uğurlar qazanır, əks halda, medalsız qalır.

- Axı həmin idmançı ilk olimpiya çempionluğunu da eyni şərtlər altında əldə edib...

- Görünür, niyə ikinci dəfə alınmamasının səbəbini tapa bilmirlər. Hərə bir söz deyir. Ona görə də konkret səbəbi müəyyənləşdirə bilmirsən ki, gələn dəfə eyni halı təkrarlamayasan.

- Baş məşqçi postundan gedişinizə səbəb nə oldu?

- Adam var ki, bir vəzifədə 50-60 il boş-boşuna çalışır. Amma mən baş məşqçi kimi çalışdığım 10 ilədək dövr ərzində yarım əsrin işini gördük. Federasiyanın vitse-prezidenti olduqdan sonra da bir müddət yığmanın baş məşqçisi kimi fəaliyyət göstərdim. Bu işə çox can qoydum. Əsəb, xəstəlik, stres məni doğrudan da xeyli yordu. Digər tərəfdən, axı, mənim də öz baxışım, düşüncəm var. İnsan gərək işdən fitlə, tənqidlə getməsin. Getməyin sivil yolu da var. Gərək həmişə uduzub gedəsən? Məgər yalnız məğlubiyyət təqdirində istefa verirlər? Olmaz ki, nəticə qazananda da bu addımı atasan? Mən də bu yolu tutdum. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında nəticədən asılı olmayaraq, baş məşqçi vəzifəsindən gedəcəyimi açıqladım. Təbii ki, həmin olimpiadada da müəyyən uğurlar, nəticələr oldu. Bakıya qayıtdıqdan sonra rəhbərliklə fikirlərimizi bölüşdük. Təbii ki, "yox" dedilər. Amma mən bu qərarıma qarşı çıxmamalarını xahiş etdim. Çünki doğrudan da getmək mənə lazım idi. Nəticədə vitse-prezident kimi fəaliyyətimi davam etdirməyə başladım. Lakin 2010-cu ildə Bakıdakı Avropa çempionatı ərəfəsində də milli komandaya baş məşqçi kimi qayıtdım, əlimdən gələn köməyi etdim.

- Milli komandanın hazırkı vəziyyətini necə dəyərləndirirsiniz?

- Hazırda yığmada müəyyən işlər gedir. Türkiyəli baş məşqçi Şaban Donat yaxşı kollektiv və məşqçilər korpusu formalaşdırıb. Mən tərəfdən nə lazımdırsa, göstərirəm, məsləhətlərimi əsirgəmirəm. Bu, mənim işimdir, içində olduğum sahədir. Bu gün də həmin işdəyəm. Amma bu, o demək deyil ki, yığma komandaların hazırlığından xəbərsizəm. Məsələn, görsəm ki, zalda hansısa güləşçi fəndi səhv yerinə yetirir, ona düzünü göstərməyə çalışıram. Yəni, bu işdən elə-belə ayrılmaq olmur. Bir xəstəlikdir də...

- Fazil Məmmədovun vergilər naziri vəzifəsindən azad edilməsindən sonra federasiyanızın maliyyəsi kəskin azaldı. Bu zaman çətinlik hiss etmədiniz?

- Mən sizə bir söz deyim: Fazil Məmmədovun dövründə AGF təkcə Azərbaycanda deyil, dünyadakı federasiyalarla müqayisədə də çox yüksək diqqət və qayğı ilə əhatə olunmuşdu. Heç bir güləşçinin, heç bir milli komandanın hazırlıq prosesində problem olmayıb. Bunları danmaq insanlıqdan uzaq olardı və qeyri-mümkündür. Güləşin heç bir problemi olmayıb. 2012-ci il London Yay Olimpiya Oyunlarından 2016-cı il Rio-de-Janeyro olimpiadasınadək güləşin çox yüksək səviyyəli dövrü oldu. Son Oyunlarda federasiyamız görünməmiş sayda medallar əldə etdi. 18 medalın yarısını qazanmaq elə-belə şey deyil. Bir çox ölkə heç ümumilikdə 9 medal qazanmamışdı. Amma Azərbaycan sərbəst güləşdə 5, yunan-Roma və qadın güləşində hərəyə 2 medala yiyələndi. Bu, tarixi uğurdur. Doğrudan da dəhşətli nəticədir. "Rio-2016"dan sonra müəyyən proseslər getdi, maliyyə problemləri oldu. Amma bir güləşçi və ya məşqçi desin ki, onun hazırlığında və yarışlarda iştirakında problem olub. Sadəcə, əvvəlki maliyyə olmayıb. Bunun hazırlıq prosesinə nə dəxli var? Yalandır? Dövlət sənə ilin axırında göstərdiyin nəticəyə görə mükafat verir, mənzillə təmin olunursan, əmək haqqı alırsan. Sadəcə, federasiya qərara aldı ki, axırıncı olimpiadadan sonra özünün mükafat fondunu ləğv etsin. Federasiyanın zavodu, fabriki yoxdur. Federasiya ictimai təşkilatdır, hardan qazanıb-verməlidir? Nəyi satmalıdır ki, idmançılarına versin? Sponsorun imkanı olanda dəstək verib, imkanı olmayanda da kömək edə bilməyəcəyini deyib. Buna görə ölənədək sponsorluq etməsini istəməliyik? Bax, belə məsələlərə görə müəyyən çətinliklər oldu.

- Bəs indi vəziyyət necədir?

- İndi hər şey yoluna qoyulub. Hamı vaxtlı-vaxtında əmək haqqını alır, yarışlara ezam olunur. Təlim-məşq toplanışlarının təşkili, forma təchizatı baxımından problem yoxdur. Daha nə problem olar bilər? Sadəcə, işləmək, çalışmaq lazımdır. Bu gün federasiya prezidenti Namiq Əliyev bütün işlərə rəhbərlik edir. Heç bir idmançının və məşqçinin problemi yoxdur və ola da bilməz.

- Federasiyanın özünün mükafat fondu qaytarılıb?

- Xeyr, hələ qaytarılmayıb. Yəqin ki, bu il keçiriləcək lisenziya xarakterli dünya çempionatından sonra bu məsələ bir daha nəzərdən keçiriləcək. Əlbəttə, olimpiadaya lisenziya qazananlara diqət və qayğı bir az da fərqli olacaq. Bir sözlə, maddi durum əvvəlki kimi deyil, amma hamı vaxtlı-vaxtında əmək haqqını da, maaşını da alır, yarışlara ezam da olunur. Hər 3 növ üzrə yığma ötən həftə xarici ölkələrdə turnirlərdə iştirak edib. Məşqçilər korpusunun təqdim etdiyi plana uyğun olaraq, hər bir iş qaydasında gedir. Digər tərəfdən, bu gün hansı sahədə maliyyə problemi yoxdur? Amma yenə idmana və idmançıya nə lazımdırsa, hamısı verilir. Müəyyən artıq məsrəflər dayandırılıb. Məsələn, əvvəllər 5 toplanış nəzərdə tutulurdusa, indi 2-si, əvvəllər 5 yarış nəzərdə tutulurdu, indi 3-ü gerçəkləşdirilir. Burada nə problem var ki?

- İdman yarışlarında erməni faktorunu da çox müzakirə edirlər. Düşmən ölkə idmançılarını udanda bunu az qala torpaqların qaytarılması kimi qələmə verir, uduzanda isə "Bu, siyasət yox, idmandır" deyə sakit formada üstündən keçirlər. Belə yanaşmalara münasibətiniz necədir?

- Mən belə yanaşmaların o qədər də tərəfdarı deyiləm. Özüm də güləşçilərimizin məhz erməniləri udmaları ilə heç vaxt öyünməmişəm. Mənim üçün sadəcə, zəif və güclü idmançı anlayışları var. Həmin idmançılar ermənistanlı da, azərbaycanlı da, digər ölkələrin nümayəndəsi də ola bilər. Düzdür, hər bir idman növündə ermənilərə qarşı amansız mübarizə gedir. Amma siyasiləşdirmənin o qədər də tərəfdarı deyiləm. Bu, idman mübarizəsidir. Eyni rəqiblə il ərzində bir neçə dəfə qarşılaşa bilərsən. Sən də uda bilərsən, o da. Yəqin ki, ermənilər də belə təbliğatlardan istifadə edirlər. Beynəlxalq yarışda çıxış edən hər bir idmançı hazırlıqlı olmalıdır ki, bu cür məğlubiyyətlərə az rast gəlinsin. Qaldı ki, sən ermənini udmalısan da. Çünki o yarışa görüşlərini qələbə ilə başa vurmaq üçün getmisən. Təkcə ermənilər yox, bütün ölkələrin idmançıları sənin rəqiblərindir. Ermənini udub başqasına uduzursan və ya əksinə hallar olduqda, bunlar nəyi dəyişir? Sən öz nəticəni göstər. Elə hazırlaş ki, rəqibinlə harada qarşılaşsan, qalib gələsən. Bir dəfə qalib gəldikdə bunu şişirdirsən, o da səni udanda gedib özünü eyni qaydada reklam edir... Bunların hamısı mənasız, boş şeylərdir. Özüm də belə halları ciddi qəbul etmirəm. Bizim də komandamızın üzvləri vaxtilə ermənilərə çox qalib gəliblər. Eyni zamanda təbii ki, idmançılarımızdan onlara uduzanları da olub. Məğlub olanlar getsinlər papaqlarını qarşılarına qoyub fikirləşsinlər ki, nələri çatmadı, niyə uduzdular? Çıxış yolları axtarıb tapmaq lazımdır ki, gələn yarışda qarşısına hazır çıxasan, ona qalib gələsən. İdmanda hamı uda da, uduza da bilər. Hərənin öz işi var. Hərə öz işi ilə məşğul olsa, belə məsələlərdən danışmağa heç lüzum olmaz.

- İş yeri kimi Azərbaycan Güləş Federasiyasını yox, Tofiq Bəhramov adına Respublika stadionunu seçməyiniz nə ilə əlaqədardır?

- Buranı seçməkdə məqsəd odur ki, stadionun daxilində güləş yığmalarının təlim-məşq bazası yerləşir. Bu, həm də yunan-Roma güləş mərkəzi sayılır. Stadionun rəhbərliyi də sağ olsun. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və federasiyamız da köməklik edir, dəstək olurlar. Deyərdim ki, bu uğurların qazanılmasında hazırlıq baxımından stadionun çox böyük və əvəzsiz rolu var. Əsas odur ki, ümumi fiziki hazırlığın, yarışlara hazırlığın burada keçirilməsi idmançılara müsbət təsir edir. Bura ilk növbədə metroya yaxındır, gəlib-getmək asandır. O nöqteyi-nəzərdən bura bizim yığma komandaların əsas bazalarından biridir. O vaxtdan da belə qərara alındı ki, rəhbərliyin nəzarətində olmaq üçün oturuşmuş sistem formalaşsın və burada ona nəzarət olunsun. Bura yunan-Roma güləşi mərkəzi olsa da, sərbəst güləşçilər də gəlib istifadə edə bilərlər. Məkan federasiyanındır. O mənada heç bir problem yoxdur. Nədənsə şikayətlənmək yox, işləmək və çalışmaq lazımdır. Hazırda dünyada bizdən qat-qat sosial problemli və yaşayış tərzi ağır olan ölkələr var. Ancaq onların güləşçilərinin yarışlarda göstərdiyi əzmkarlığa baxın. Həmin ölkələrin bir tərəfində səhərədək döyüşlər gedir, idmançılar isə məhəllələrin içərisində yarışlara hazırlaşır və gedib iştirak edirlər. Ona görə də bu gün nə varsa, ondan da yararlanmaq, işləmək və çalışmaq lazımdır. Çalışmaq istəməyən adama nə etsən, hansı şəraiti yaratsan, o bir bəhanə tapacaq ki, filan şey çatmır. Bütün bunları bu işlərdən keçmiş adam kimi deyirəm. O vaxtlar biz bu hazırlıqları Nabranda, şəhərdə olan cəmiyyət və klublarda keçəndə, deyirdilər ki, bu cür hazırlıqla heç nə əldə etmək olmaz. Amma bu gün bütün o məşqçilər həmin hazırlıqdan istifadə edirlər. Qəbul olunan və ya olunmayan metodlar var. Bu da onlardan biridir. Vaxtında bunu bəyənmirdilər və istəmirdilər. İndi hamısı gördülər ki, bu, ən düzgün, ən sağlam, ən yaxşı yoldur. Bunu kim tətbiq edirsə, həmin cəmiyyət, klub və regionun idmançıları uğurlar qazanırlar. 

- Məşqçi kimi həyata keçməyən arzunuz qalıb?

- Xeyr. Demək olar ki, hamısına artıqlaması ilə nail olmuşam. Nigaran, narazı işim, əldə olunmayan nəticəm qalmayıb. Bundan sonra da Azərbaycan güləşi və ölkə idmanı üçün əlimdən gələni əsirgəməyəcəyəm. Bu günədək necə çalışmışdımsa, bundan sonra da elə davam edəcək.

- Övladlarınız arasında yolunuzu davam etdirənlər var?

- Bir oğul və bir qızım var. Allah hamının uşaqların sağ eləsin. Sadə azərbaycanlı ailəsiyik. Hamı kimi yaşayır və çalışırıq. Oğlum bir neçə aydır əsgərlikdən qayıdıb. Yeniyetməlik dövründə müəyyən müddət yunan-Roma güləşi ilə məşğul oldu, idman ustası normasını yerinə yetirdi. Sonra isə birdən-birə çəkisi artığından, özü üçün məşğul olmağa başladı. Yeniyetmələr və gənclər arasındakı yarışlarda çıxış etsə də, böyüklər kateqoriyasına keçəndə dayandırdı. İndi isə arada özü üçün məşqlərə və öz işi ilə bağlı kurslara qatılır. report.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest