"Qarabağ"ın sabiq futbolçusu, hazırda "Sumqayıt"ın U-19 komandasının baş məşqçisi kimi fəaliyyət göstərən Vaqif Cavadovun matc.az saytına müsahibəsi

- "Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Nant"ı qəbul edəcək. Oyunla bağlı fikirləriniz nələrdi?
- "Qarabağ" çox yaxşı tempdədi, əla oyun nümayiş etdirir. Təəssüf ki, 1-ci turda "Frayburq"la Almaniyadakı görüşün son dəqiqələrində penaltini təyin etmədilər. VAR olmasına baxmayaraq, yenə də hakim səhvləri olur. Amma bunun "Qarabağ"ı ruhdan saldığını düşünmürəm. Əksinə, komandaya daha da güc verəcək. İnanıram ki, təmsilçimiz qrup mərhələsində doğma meydandakı ilk matçında qələbə qazanacaq. "Nant" da elə-belə rəqib deyil. Ancaq "Qarabağ" bu turnirdə iştirak edirsə, ən yaxşısını etməyə çalışacaq.

- "Nant" da "Frayburq" kimi "Top-5" liqalarda çıxış edən klubdur. Almaniyadakı oyunu gördükdən sonra sanki "Qarabağ"ın bugünkü qarşılaşmada qələbəsinə inam daha da artıb...
- Almaniya ilə Fransa çempionatları arasında bir az fərq də var. Almaniya Bundesliqasındakı klublar bir-biriləri ilə başabaş mübarizə apara bilirlər. "Frayburq" Bundesliqanın liderləri sırasında gedirsə, deməli, çox yaxşıdı. "Qarabağ"ın onlara qarşı o cür mübarizə aparması sevindirici haldı. Nəzərə alaq ki, hücum xətti gücləndirilmədi, müdafiənin mərkəzində Kevin Medina, Maksim Medvedev kimi oyunçular yoxdu. Buna rəğmən komanda Almaniyada çox yaxşı oyun sərgilədi. Bunu nəzərə alıb, əminliklə deyirəm ki, "Qarabağ" bu gün də ən yaxşısını etməyə çalışacaq.

- Son günlər erməni təxribatları nəticəsində 50-dən çox şəhidimiz oldu. Bu amilin "Qarabağ"ın bugünkü görüşə köklənməsinə təsiri olacaqmı?
- Baş verənlər bütün Azərbaycan xalqına, eləcə də "Qarabağ"ın futbolçularına təsir elədi. Allah şəhidlərə rəhmət eləsin. Valideynlərinə səbir, qazilərimizə şəfa diləyirəm. İnanıram ki, bu çətin günlərdə "Qarabağ" qalib gələcək. "Qarabağ" daşıdığı adı həmişə layiqincə təmsil edib. Bu gün də belə olacaq.

- Həddindən artıq motivasiya futbolçuları "yandırmaz"?
- Düşünmürəm ki, "yandıracaq". Baş məşqçi Qurban Qurbanov çətin məqamlarda futbolçuların "yanmaması" üçün nə etmək lazım olduğunu yaxşı bilir. Sadəcə, matçın hansı axarda getməsi önəmlidi. "Nant" sıradan rəqib deyil. Bütün diqqətlər "Qarabağ"da olacaq. Futbolçular buna öyrəşiblər. Əminəm ki, ən yaxşı oyunlarını göstərəcəklər.

- "Qarabağ" bu gün nəyə daha çox önəm verməlidir?
- "Nant"ın oyununu görməmişəm. Bildiyim qədərilə onlar da hücum futbolu sərgiləyirlər. İnanıram ki, bu gün azarkeşlər oyundan həzz ala biləcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest