Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir. Matc.az xəbər verir ki, qitə birinciliyinin beşinci günündə sərbəst güləş üzrə 5 çəkidə mübarizəyə start verilib.
 
Mübarizəyə 1/4 finaldan qoşulan Nürəddin Novruzov (57 kq) debütdə moldovalı Gennadi Diuvenjiyə heç bir şans tanımayıb – 12:2. Ancaq yarımfinalda hakimlərin müəmmalı qərarı fonunda türkiyəli Tolqa özbekə minimal fərqlə uduzub – 4:5. Novruzov bürünc medal uğrunda Rafal Şevç (Polşa) – Edik Harutyunyan (Ermənistan) görüşünün qalibiylə güləşəcək.
 
Rəşid Babazadə (65 kq) startda moldovalı Veniamin Borzin üzərində inamlı qələbə qazanıb – 11:2. Gürcüstanlı Qoqa Otinaşviliylə qarşılaşma isə gərgin mübarizə şəraitində keçib. Rəqibinə 7:6 hesabıyla qalib gələn Babazadə adını yarımfinala yazdırıb. Rəşid türkiyəli Hamza Zopalını (11:8) da yolundan kənarlaşdıraraq finala yüksəlib. Həmyerlimiz həlledici görüşdə Fransa təmsilçisi Xamzat Arsamerzoyevlə üz-üzə gələcək.
 
Maqomed-Başir Xaniyev (70 kq) 1/8 finalda ukraynalı Narek Poqosyandan güclü olub – 8:3. Təmsilçimiz 1/4 finalda avstriyalı Benedikt Huberə (11:1) tam üstünlüklə qalib gəlib. Xaniyev gürcüstanlı Davit Patsinaşvilini də (7:4) üstələyərək finala vəsiqə qazanıb. Maqomed-Başir finalda ermənistanlı Hayk Papikyanla qarşılaşacaq.
 
Yarışa 1/4 finaldan başlayan Səbuhi Əmiraslanov (79 kq) çətinlik çəkmədən polşalı Mateuş Pedziçkini mübarizədən kənarlaşdırıb – 10:0. Əmiraslanov yarımfinalda böyüklər arasında sonra Avropa çempionu Georgios Kuqiumtsidisə (Yunanıstan) uduzub – 2:5. Səbuhi bürünc medal uğrunda ermənistanlı Narek Qriqoryanla güləşəcək.
 
İslam İlyasov (97 kq) təsnifat mərhələsində almaniyalı Ertuğrul Ağcaya qalib gəlib – 5:0. Həmyerlimiz 1/4 finalda bolqarıstanlı Kolyo Dimitrovu xalsız qoyub – 6:0. İlyasov yarımfinalda macarıstanlı Riçard Veqi eyni hesabla üstələyərək ardıcıl 2-ci dəfə U-23 Avropa çempionatının finalına yüksəlib. İslam titulunu qorumaq üçün türkiyəli Oktay çiftçiyə qalib gəlməlidir.
 
Bu çəkilərdə medallar uğrunda qarşılaşmalar martın 18-də Bakı vaxtı ilə 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest