"Danışılacaq çox şey yoxdur. Səbəb də odur ki, evdə məğlubiyyət seriyamız davam edir. Ardıcıl 4 oyundur ki, məğlub oluruq"

"İlk dəqiqə başlayandan azarkeşlər oyuna təsir edir".

Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında "Qəbələ"yə 1:0 hesabı ilə uduzan "Kəpəz"in baş məşqçisi Azər Məmmədov deyib. çalışdırıcı oyundan sonra mətbuat konfrasında iştirak edib:

"Danışılacaq çox şey yoxdur. Səbəb də odur ki, evdə məğlubiyyət seriyamız davam edir. Ardıcıl 4 oyundur ki, məğlub oluruq. Bu oyuna çox yaxşı hazırlaşmışdıq. Futbolçular əlindən gələni etdilər. Olmayanda olmur. Bu gün alınmadı. "Qəbələ"ni təbrik edirəm. çempionat davam edir. Futbolçularıma inanıram. Axıra kimi də bu komanda ilə çalışacam".

- Belə məsuliyyətli oyunda iki əsas legioneri - Latir və Junior ehtiyyatda saxlamışdınız. Buna səbəb nə idi?

- Razıyam sizinlə. Meydanda 4 legioner ilə oynayırdıq. Biz həftə ərzində məşqlərdə futbolçuların durumuna baxırıq. Biz çalışırıq ki, 11-liyi ədalətli şəkildə quraq. Həftə ərzində Mahiri daha üstün gördük. Ona görə seçimimiz belə oldu. Latir yaxşı komandalarda oynamış biridir. Sadəcə, elə amillər var ki, onun oyunlarına təsir edir. Hər iki futbolçunu ikinci hissə çıxarmağı məqsədəuyğun gördüm. Hər kəsə şans verilməlidir. Mahir bu gün əlindən gələni elədi. Birinci hissə komanda yaxşı oynadı, amma sonra alınmadı. Bu futboldur. Hər şey olur.

- Azarkeşlər yenə istefa şüarı səsləndirdi. Bu sizi narahat edirmi?

- Məni, sadəcə, məğlubiyyət narahat edir. çünki həqiqi "Kəpəz" azarkeşləri qələbəyə layiqdir. 4 oyundur olan məğlubiyyəti həqiqi azarkeşlərə yaşatdığımız üçün mən çox narahatam. İstefa şüarı burda işləyən bütün məşqçilərə səsləndirilib. Komandanın rəhbərliyi mənə güvənib. Mən çalışacam ki, onu doğruldum. Bu gün sonuncu pilləyə düşdük. Amma bizim gücümüz var. Hər komandada belə periodlar olur. Mən inanıram ki, yaxşı olacaq.

- Komanda niyə 4 oyundur, sizcə, uduzur?

- Bizim komanda səfərdə daha rahat oynayır. Bu amilə fikir vermək lazımdır. Azarkeşlərə ehtiyacımız var, düzdür. Mən hər oyun iki təzyiq hiss edirəm. Biri Premyer Liqada komandanı qoruyub-saxlamaq. Digər isə azarkeşlərin təsiridir. İlk dəqiqə başlayandan azarkeşlər oyuna təsir edir. Bu futbolçulara çox təsir edir. Futbolçular hamsını eşidir. Bu təsirlər bəzi futbolçulara pis təsir edir, bəziləri hətta qorxur. Hər şeyi azarkeşlərin üstünə atmıram. Amma bunun təsiri çoxdur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest