Azərbaycan yığmasının sabiq futbolçusu, “Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Rəşad Abdullayevin matc.az saytına müsahibəsi

- Millimizin Millətlər Liqasındakı rəqibləri haqda hansı fikirdəsiniz? İsveç, Slovakiya və Estoniya ilə mübarizə aparacağımız qrupda şanslarımız nə qədərdi?
 
- İsveç bizə tanış rəqibdi, keçən seçmə mərhələdə eyni qrupda yer almışdıq. Slovakiya və Estoniya ilə də oynamışıq. İsveçə səfərdə böyük hesabla uduzsaq da, Bakıdakı matçda onları məğlubiyyətə uğratmışdıq. Hər üçü ilə mübarizə apara bilərik. Bugünkü millimizin potensialı buna imkan verir. Xüsusən Bakıdakı matçlarda daha yaxşı mübarizə gözləyirəm. Estoniyadan 2 matçda 6 xal almaq mümkündü, dişimizə görə rəqibdi.
 
- Canni de Byazi ilə yollar ayrıldıqdan sonra yığmamızı kimin çalışdıracağı hələ də bəlli deyil. Təyinatın gecikməsinin bizə zərəri olmayacaq?
 
- Yəqin axtarış gedir. Milli komandaya baş məşqçi təyin olunanda hamımız biləcəyik. Biz məşqçilər yığma üçün çalışırıq ki, millinin uğurları olsun. İstərdik ki, təyinat gerçəkləşsin və namizəd yığmaya xeyirli olsun. Məncə, təyinatın gecikməsinin bizə bir zərəri olmaz. Hansısa məşqçi ilə danışıqlar gedirsə, yəqin ki, komandanı nəzarətə götürüb, oyunçular haqqında məlumat toplayır. Bu mənada, təyinatın gecikməsinin yığmamıza zərər vuracağını düşünmürəm.
 
- Əksəriyyət millinin hazırkı heyətini son dövrlərin ən güclü heyəti adlandırır və bunu ölkə xaricində legioner həyatı yaşayan futbolçularımızın çoxluğu ilə əlaqələndirir. Bu fikirlə razısınız?
 
- Əvvəllər də millidə oynayan güclü futbolçularımız olub. Yığmamızda həmişə yaxşı oyunçular çıxış edib. Açığı, indi legioner həyatı yaşamaq bir az asandı. Çünki bizim və bizdən qabaqkı dövrlərdə xarici çempionatlar çox ağır idi. İndi isə bir çox futbolçumuz gedib Avropada oynaya bilər. Mən deməzdim ki, indiki milli ovaxtkından güclüdü. Çünki ovaxtkı yığmanın oyunçuları həmişə güclü olub. Bayaq dediyim kimi, o vaxt xarici çempionatlar çox güclü olub deyə, bir çox futbolçumuz legioner həyatı yaşaya bilməyib və ya ölkə xaricində karyeraları uğurlu alınmayıb. Amma bu, sevindirici haldı ki, indiki futbolçularımız legioner həyatı yaşayırlar. Bu, üstünlükdü, çünki çempionatın səviyyəsi məsələsi var. Uşaqlar daha güclü çempionatlarda oynasalar, təzyiq görəcəklər və bunun hesabına millidə də uğurlu çıxış edəcəklər.
 
- Azərbaycanda güclü cinah yarımmüdafiəçiləri az olmayıb. Vaxtilə Zaur Tağızadə və siz bu mənada seçilirdiniz. Sonra Əfran İsmayılov və Araz Abdullayev kimi futbolçular ön plana çıxdı. Hazırkı azərbaycanlı cinah yarımmüdafiəçilərindən kimin çıxışını daha çox bəyənirsiniz və onu oyun tərzinə görə özünüzə bənzədirsiniz?
 
- Bəli, Azərbaycanda həmişə sayılıb-seçilən cinah yarımmüdafiəçilərimiz olub. Futbolda cinahlar önəmlidi. Biz rəqiblərimizə qarşı ikinci nömrə ilə oynayanda sürətli cinah oyunçularımızdan həmişə istifadə etmişik. Sualınıza cavab olaraq, konkret ad çəkməzdim. Amma istərdim ki, Zaur Tağızadə səviyyəsində futbolçularımız çox olsun. Çünki həmişə elə futbolçuların oyunlarına baxıb fəxr etmişik, azarkeşlər də onların adlarını daim səsləndiriblər. Hazırkı oyunçularımızda da yaxşı səviyyədə çıxış etmələri üçün potensial var. Sırf mənim oyun tərzimə gəldikdə, təkrarolunmaz oyunçu yoxdu. İndikilər keçmiş futbolçuları özlərinə örnək götürərək, əslində daha yaxşısını edə bilərlər. Öz futbolçularıma da deyirəm ki, mən göstərdiyim oyundan daha artığını edə bilərsiniz.
- Baş məşqçisi olduğunuz "Neftçi-2"də və qarşılaşdığınız rəqiblərin heyətində gələcəkdə millinin əsas heyət üzvləri ola biləcək futbolçular çoxdu?
 
- Çalışdırdığım komandada, doğrudan da, potensiallı uşaqlar görürəm. Yaxşı, gənc futbolçularımız var, yetişirlər. Onları daha yuxarılara daşımaq üçün əlimizdən gələni edirik. İstəyirik ki, daim inkişaf etsinlər. Amma milli komandaya düşməklə iş bitmir. Oraya düşəndən sonra yerini möhləmləndirmək, daha da püxtələşmək lazımdı. Potensialdan başqa xarakterin, iradən olmalıdı ki, daim milli səviyyəsində oynaya biləsən. Yığma üzvü öz klubunda seçilməlidi. Bizim dövrümüzdə belə idi. Milli üzvündən daha çox şey tələb olunur. Çünki yığmaya dəvət almaq pik nəticədi. Məşqçi olaraq çalışırıq ki, oyunçularımızı yaxşı səviyyədə hazırlayaq, Gələcəkləri yaxşı ola bilər, amma dayanmadan işləməlidilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest