Misli Premyer Liqasının 6-cı turunda keçirilmiş “Sabah” – “Turan Tovuz” qarşılaşması bərabərliklə yekunlaşsa da, oyun ətrafında müzakirələr səngimək bilmir. Hesab 2:2 olarkən qonaq komanda künc zərbəsindən sonra üçüncü qolu vursa da, hakimlər briqadası bunu qeydə almadı.
Oyundan sonra “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev sayılmayan qola görə yan xətt hakimi Akif Əmirəlinin məsuliyyəti üzərinə götürdüyünü deyib: “Yan xətt hakimi bildirdi ki, top xətti keçib. Amma videotəkrarda görünmədi. Artıq qərar verilib”.
Bu tipli epizodlarda baş hakim Əliyar Ağayevi də qınamaq olmur, köməkçisi topun qapı xəttindən çıxdığı ilə bağlı qərar verib. Penalti, qırmızı, sarı vərəqəlik cərimə müdaxiləsi və s. olsaydı, referi epizodu öz üzərinə götürə bilərdi. Qol epizodları VAR-da mütləq yoxlanılmalı, verilmiş qərar təsdiq edilməlidi. Xətt üzərindən çəkiliş olmadığı üçün VAR çıxılmaz vəziyyətdə, köməkçi hakimin qərarı ilə razılaşmaq məcburiyyətində qalıb.
Qol epizodunda ən diqqətçəkən məqam Əmirəlinin mövqeyidi. Fotoya diqqətlə baxaq: künc zərbəsi vurulursa, hakim qapı xətti üzərində dayanmalıdı. Amma laynsman səhv mövqe seçdiyinə görə, bayraqdan 1-2 metr kənardan topun trayektoriyasını sezmək mümkün deyil. Əksinə, həmin mövqedən çəpinə baxıldıqda, top havada qapı xəttini keçmiş kimi görünə bilər. Bu, nəticəyə təsir edən kobud hakim səhvidi.
Köməkçi hakimin yanlış mövqeyi və qapı arxasından çəkiliş onu göstərir ki, topun qapı xəttinin havada keçməsi çox şübhəlidi.
Əmirəli qaydalara uyğun, künc bayrağı istiqamətindən xəttə nəzarət etsəydi, video görüntü olmasa da, hakimlərə inanmaq məcburiyyətində qalacaqdıq.
Digər önəmli məqam, köməkçi hakimin bayraq jestidi. Top qapı xəttini havada keçdiyi zaman laynsman bayrağı qaldırmalı və referinin reaksiyası, işarəsi olmayana kimi vertikal saxlamalıdı.
Əmirəlinin bayraq işarəsi topun qapı xəttindən çıxmaq işarəsi yox, ofsayd qərarını xatırladır.
Əgər top qapı xəttindən çıxmışdısa, dərhal referiyə qulaqcıq vasitəsilə xəbərdarlıq edilməli və anında fit verilməli idi.
Künc zərbəsi zamanı top havada xətdən çıxırsa, oyun fitə qədər davam etsə də, köməkçi hakim xətt üzərində, bayraq havada öz mövqeyində qalmalı, oyuna uyğun hərəkət etməməlidi.
Videogörüntü ideal olmasa belə, topun qapı xəttini havada keçməməsini görmək mümkündü.
Köməkçi hakimin biabırçı mövqe səhvi qolun qaydalar çərçivəsində vurulmasını bir daha isbatlayır.
Laynsmanın künc zərbəsi zamanı mövqe səhvi hakimlər arasında sinxron, vizual əlaqənin gecikmiş olması, yekun nəticəyə təsir edən yanlışlıqdı.
Gəlin razılaşaq ki, qol qeydə alınsaydı, heç kim hakimlərə irad bildirməyəcəkdi...