Nərimanov Rayon Məhkəməsində idman jurnalistləri Anar Şabanoğlu və İxtiyar Əsgərovun mülki iddia işi üzrə məhkəmə iclası keçirilib.
Matc.az xəbər verir ki, onlara qarşı mülki iddianı "Sumqayıt" Futbol Klubunun prezidenti Riad Rəfiyev qaldırıb.
Məhkəməyə gəlməyən Rəfiyev media nümayəndələrini böhtan atmaqda, işgüzar nüfuzuna xələl gətirməkdə, şərəf və ləyaqətini təhqir etməkdə ittiham edir. İddiaçının nümayəndəsi məhkəmə-tibbi ekspertizanın nəticələrini oxuyub. O, bildirib ki, Şabanoğlu və Əsgərovun yazıları Rəfiyevin işgüzar nüfuzuna qəsdən xələl gətirmək və cəmiyyətdə həm "Sumqayıt" klubu, həm də şəxsən onun barəsində mənfi rəy yaratmaq məqsədi daşıyır.
Müdafiə tərəfi buna cavab olaraq jurnalistlərin yazdıqları xəbərlərdə digər KİV-lərə istinadlar olduğunu bildirib və hər bir yazılmış xəbərin ayrıca ətraflı araşdırılmasını tələb edib.
"Riad Rəfiyev jurnalistlərin fəaliyyətinə mane olur. Futbol klubunun prezidenti ictimai xadimdir. O, tənqidə hazır olmalıdır. Amma görünür, Rəfiyev ancaq təriflənmək istəyir", - vəkil Səbuhi Axundov bildirib.
Məhkəmədə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının da "Sumqayıt"ın prezidentinin media nümayəndələrinə qarşı qaldırdığı iddianı pisləyən və bunun söz azadlığına zərbə, idman mətbuatının müstəqil fəaliyyətinə birbaşa müdaxilə kimi qiymətləndirilməsi ilə bağlı bəyanatı oxunub.
Maraqlıdır ki, iclas iyulun 2-də bütün dünyada qeyd olunan Beynəlxalq İdman Jurnalistləri Günündə keçirilib. Nərimanov Rayon Məhkəməsinin zalında həmkarlarına dəstək verməyə gələn idman mediasının nümayəndələri də olub.
Hakim Nərgiz Tağıyeva bu iş üzrə növbəti prosesin avqustun 4-də keçiriləcəyini elan edib.
Xatırladaq ki, Riad Rəfiyev bundan əvvəl də xüsusi ittiham qaydasında şikayət versə də, məhkəmə onu qəbul etməyib. Lakin bu, "Sumqayıt" futbol klubunun rəhbərinə mane olmayıb. Bu dəfə o, mülki iddia qaldırıb. Rəfiyev jurnalistlərdən təkzib və mənəvi ziyana görə ümumilikdə 30 min manat təzminat tələb edir.