"Çatışmazlıqlar görünürdü. Həm "Sabah", həm də "Çelye" istənilən formada deyildilər"

"Sabah"ın cavab görüşündə uğur qazanmaq şansı var".

Matc.az xəbər verir ki, bu sözlər Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev UEFA Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın "Çelye" komandası ilə cavab oyununa çıxacaq "Sabah"ın şanslarını dəyərləndirərkən deyib.

Rəqibin düşündükləri qədər güclü olmadığını bildirən mütəxəssisin sözlərinə görə, Azərbaycan təmsilçisinin mərhələ adlamaq üçün real imkanları var: "Açığı, Bakıda 2:3 hesabı ilə nəticələnən ilk oyunda hər iki komandanın zəif tərəfləri nəzərə çarpırdı. Matç Sloveniya klubunun qələbəsi ilə başa çatsa da, meydanda açıq-aşkar üstünlük nümayiş etdirən tərəf demək olar ki, yox idi. Çatışmazlıqlar görünürdü. Həm "Sabah", həm də "Çelye" istənilən formada deyildilər. Fikrimcə, "Çelye" gözlənildiyi qədər təhlükəli komanda deyil. Oturuşmuş heyətə malik deyillər. Bu da onların zəif tərəfidir. Əgər daha diqqətli və məsuliyyətli oynasaq, mərhələni adlaya bilərik. "Sabah" üçün bu rəqibi keçmək mümkündür".

Ş.Diniyev Bakı təmsilçisinin ilk oyundakı çıxışından tam razı qalmadığını da qeyd edib: "Sabah" ilk qarşılaşmada xüsusilə hücumda ciddi problemlər yaşadı və real qol vəziyyətləri yarada bilmədi. Amma nəzərə almaq lazımdır ki, rəqib də yüksək səviyyədə oyun nümayiş etdirmədi. Bu baxımdan düşünürəm ki, "Sabah"ın cavab görüşündə uğur qazanmaq şansı var".

Qeyd edək ki, "Çelye" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

(AZƏRTAC)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest