"4 gün sonra bizi çox önəmli qarşılaşma gözləyir".
"Sabah" Misli Premyer Liqasının 15-ci turunda səfərdə "Turan Tovuz"u 3:1 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- İlk olaraq oyunçularımı təbrik edirəm. Həqiqətən də möhtəşəm oyun sərgilədik. Çox önəmli 3 xal qazandıq. Burada qalib gəlmək çətindir. Rəqib yaxşı təşkilatlanmış komandadır. Onların müdafiəsini yarmaq çox çətindir. 80-ci dəqiqəyə qədər hesabda 3:0 öndə idik. Bu gün qələbəyə layiq idik. Bakıdan bizi dəstəkləməyə gələn azarkeşlərimizi təbriik edirəm.
- "Sabah"ın çempionluq hədəfi var?
- Bizim sadəcə bir niyyətimiz var, o da növbəti oyuna hazırlaşmaqdır. 4 gün sonra bizi çox önəmli qarşılaşma gözləyir. Belə qələbələrdən sonra rahatlaşmaq olmaz. "Qarabağ"la matç çox ağır olacaq. Ölkənin ən yaxşı komandasına qarşı oynayacağıq. Avropada da sürprizlərə imza atıblar. Məşqlər və oyunlara hazırlaşmaq bizim üçün çox önəmlidir.
- Tovuz şəhər stadionundakı atmosfer və ot örtüyünün durumu ilə bağlı nə deyə bilərsiz?
- Azərbaycanda qonağam. Burada işləmək mənim üçün böyük üstünlükdür. Azarkeşlər, stadion barədə xoş sözlər deyə bilərəm. Möhtəşəm idilər. Amma ot örtüyü barədə bunu deyə bilmərəm. Meydança yaxşı deyildi. Hamımız futbolçuların inkişafını istəyirik. Amma bu cür meydançalarda futbolçuların inkişaf etməsi mümkün deyil.












