"Mənə elə gəlir ki, məğlubiyyətə layiq deyildik".
"Qəbələ" Misli Premyer Liqasının 19-cu turunda səfərdə "Neftçi"yə 0:1 hesabı ilə məğlub olub.
Matc.az xəbər verir ki, "qırmızı-qaralar"ın məşqçisi Georgi Çixradze oyundan sonra keçirilən mətbuat konfransındajurnalistlərin suallarını cavablandırıb:
- Maraqlı və dinamik oyun oldu. Bilirdik ki, "Neftçi" matçın əvvəlində sürətli oynayacaq. İlk 15 dəqiqədə sürətdə geri qaldıq. Rəqib oyuna aqressiv başladı. Nəticədə qol buraxdıq. Amma bundan sonra çox yaxşı oyun nümayiş etdirdik. İkinci hissədə bizim qol vəziyyətlərimiz oldu. Elə epizodlar idi ki, bilmirəm onları necə əldən verdik. Amma bu, futboldur, belə hallar olur. Mənə elə gəlir ki, məğlubiyyətə layiq deyildik.
- Prins Ovusu yüz faizli epizodu dəyərləndirə bilmədiyi üçün çox məyus olmuşdu. Komanda yoldaşları ona təsəlli verirdi. Futbolçunu bu durumdan necə çıxarmaq olar?
- Biz Prinsi sakitləşdirdik. Gənc oyunçudur, öz üzərində işləyir, inkişaf edir. Premyer Liqada ilk mövsümüdür. Belə şeylər olur.
- Rəqib "Neftçi" olduğu üçün bu gün qapıda Rza Cəfərova şans verdiz?
- Rzanı daha əvvəldən transfer etmək istəyirdik. Həmin vaxt alınmadı. Gənc futbolçudur. Ona böyük ümidlər bəsləyirik. Gənc qapıçıdır deyə onu heyətə cəlb etməmişik. Rzanın potensialına bələdik. "Sabah"la kubok matçını yaxşı keçirmişdi. Ona görə bu gün qapıda Rzanın dayanacağını planlaşdırmışdıq. "Neftçi" ilə bağlı deyildi.












