Missuri ştatının Kanzas-Siti şəhər polisi İngiltərə milli komandasının avadanlıqlarının oğurlanması ilə bağlı araşdırma aparıldığını təsdiqləyib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sky News" telekanalı paylaşıb.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, şəhərə gələn komandaya məxsus nəqliyyat vasitəsindən əşyaların oğurlanması faktı üzrə istintaq davam edir və məsələ ilə bağlı artıq iki şübhəli şəxs saxlanılıb.
Qeyd edək ki, oğurlanan idman ləvazimatları arasında yığmanın liderləri Harri Keyn və Cud Bellinqemin butsıları da var. Bundan başqa, ingilislərin məşq toplarının demək olar ki, hamısı qarət olunub və komandanın sərəncamında cəmi bir top qalıb.
Xatırladaq ki, İngiltərə yığması Dünya Çempionatındakı ilk oyununu iyunun 17-dən 18-nə keçən gecə Xorvatiya seçməsinə qarşı keçirəcək.













