Bu gün keçiriləcək avrokubok püşkatmaları öncəsi UEFA komandaları alt qruplara bölüb.
Bu gün keçiriləcək avrokubok püşkatmaları öncəsi UEFA komandaları alt qruplara bölüb.
Matc.az xəbər verir ki, bununla da turnirlərdəki təmsilçilərimizin mümkün rəqiblərinin siyahısı daralıb.
Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizə aparacaq “Sabah”ın potensial rəqiblərinin sayı 14-dən 7-yə düşüb. Səpələnməmişlər səbətində yer alan paytaxt klubunun mümkün rəqibləri bunlardır: “Şemrok Rovers” (İrlandiya), KuPS (Finlandiya), “Linkoln Red İmps” (Cəbəllütariq), “Riqa” (Latviya), “Flora” (Estoniya), “Larn” (Şimali İrlandiya) və TNS (Uels).
Avropa Liqasında isə iştirakçı sayı az olduğundan qruplaşdırma aparılmayıb. Bu yarışdakı təmsilçimiz “Qarabağ”ın rəqib ola biləcəyi 6 komanda dəyişməz qalıb: “Jilina” (Slovakiya), “Voyvodina” (Serbiya), “Universitatya Kluj” (Rumıniya), “Alüminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya) və “Vestri” (İslandiya).
Konfrans Liqasında isə püşk öncəsi klublar 5 alt qrupa bölünüb. 1-ci qrupda yer alan “Zirə”nin püşkatmadakı 5 mümkün rəqibi müəyyənləşib: “Torpedo” (Gürcüstan), “Velej” (Bosniya və Herseqovina), “Yelimay” (Qazaxıstan), “Elbasani” (Albaniya) və “Petrovats” (Monteneqro).
Qeyd edək ki, UEFA-da ilk mərhələlərin püşkatma mərasimi bu gün baş tutacaq. Konfrans Liqasına birbaşa II təsnifat mərhələsindən start verəcək digər təmsilçimiz “Neftçi”nin rəqibi isə iyunun 17-də keçiriləcək püşkatmada müəyyənləşəcək.













