"Mançester Yunayted" və "Tottenhem" klubları "Vest Hem"in niderlandlı cinah oyunçusu Krisensio Sammervilli heyətinə qatmaq üçün transfer yarışına girib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "TEAMtalk" portalı yayıb.
Bildirilir ki, London təmsilçisi 24 yaşlı futbolçunun transfer qiymətini 50 milyon funt-sterlinq (təxminən 57.5 milyon avro) olaraq dəyərləndirir. "Mançester Yunayted" rəhbərliyi niderlandlı hücumçunu komandadan ayrılacağı gözlənilən Markus Reşfordun əvəzedicisi kimi planlaşdırır.
"Vest Hem"in aşağı liqaya (Çempionşipə) düşməsindən sonra Sammervil karyerasını daha iddialı bir klubda davam etdirməyə olduqca istəklidir.
Qeyd edək ki, 24 yaşlı niderlandlı vinger yenicə başa çatan mövsümdə London klubunun forması ilə meydana çıxdığı 34 matçda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalına görə bazar dəyəri 35 milyon avro olan futbolçunun "Çəkiclər"lə hazırkı müqavilə müddəti 2029-cu ilin yayına qədərdir.













