Mərakeş millisinin və PSJ-nin müdafiəçisi Əşrəf Hakimi Afrika futbolçuları arasında dünya çempionatlarında ən çox oyun keçirən oyunçu olmaqla tarixi rekorda imza atıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Stats Foot" statistika portalı yayıb.

26 yaşlı müdafiəçi 2026-cı il dünya çempionatının qrup mərhələsinin ikinci turunda Şotlandiyaya qarşı matçda meydana çıxmaqla mundiallarda 12-ci oyununu keçirib. Bununla da o, hərəyə 11 oyunla rekorda şərik olan kamerunlu Fransua Omam-Biik və qanalı Asamoah Qyanı geridə qoyub.

Bundan əlavə, istedadlı cinah müdafiəçisi Mərakeş yığmasının heyətində əsas beynəlxalq turnirlərdə (dünya çempionatları və Afrika Millətlər Kuboku) ən çox meydana çıxan futbolçunun rekordu ilə bərabərləşib. Aktivində 30 belə qarşılaşma olan Hakimi bu göstəricidə Yusif En-Neseriyə çatıb. Şotlandiya ilə oyun həm də müdafiəçinin milli komandada 98-ci matçı kimi qeydə alınıb – yığma tarixində yalnız Nurəddin Naybet (115 oyun) ondan daha çox forma geyinib.

Qeyd edək ki, Mərakeş seçməsi Şotlandiyanı məğlub etdikdən sonra dünya çempionatlarının qrup mərhələsində ardıcıl 6 oyunluq (3 qələbə, 3 heç-heçə) məğlubiyyətsizlik seriyası yaxalayıb və Kamerunla Seneqalın Afrika rekordunu yeniləyib.

Xatırladaq ki, mərakeşlilər cari dünya çempionatının ilk turunda Braziliya ilə sülh bağlamışdılar (1:1).

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest