İtaliyanın "Komo" klubunun tanınmış ispan hücumçusu Alvaro Morata karyerasını Sequndada davam ettirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marsio məlumat yayıb.
Bildirilir ki, "Leqanes" təcrübəli hücumçunun xidmətində maraqlıdır. Klub artıq "Komo" ilə birdəfəlik transferin şərtlərini müzakirə edir. Bu keçidin reallaşması yolundakı əsas maneə isə Moratanın yüksək maaş tələbidir.
Ötən yay "Komo" Moratanı "Milan"dan 12 milyon avroluq məcburi satın alma bəndi ilə 1 illik icarəyə götürmüşdü. Lakin 33 yaşlı ispan hücumçu İtaliya klubunda gözlənilən oyunu nümayiş etdirə bilməyib və bütün turnirlərdə çıxış etdiyi 30 matçda cəmi 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
İspaniya millisinin sabiq hücumçusunun "Komo" ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.













