İsrailin "Hapoel" klubunu məğlub edərək Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanan "Sabah" ölkə reytinqinə birdən-birə 7 xal qazandırıb.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi reytinq cədvəlində yer alan məlumatlarda əks olunub.
Qazanılan xallardan 1-i Beer-Şeva təmsilçisi üzərindəki cavab qələbəsinə, 6-sı isə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmağa görə bonus olaraq verilib.
Qazanılan 7 xal bu mövsüm avrokuboklarda ölkəmizi təmsil edən klubların ilkin sayına (4) bölündükdə aktivimizə 1,750 bal əlavə olunub. Bununla da Azərbaycanın cari mövsümdəki xalı 5,125-ə yüksəlib ki, bu da hazırda mövsümün ən yaxşı göstəricisidir.
Ölkəmiz cəmi bir axşama 6-cı pillədən 1-ci yerə yüksələrək Portuqaliya, İspaniya, Almaniya, İtaliya və İngiltərə kimi nəhəngləri geridə qoyub.
Son beş mövsümün nəticələrini əhatə edən ümumi reytinq cədvəlində isə Azərbaycanın xalı "Sabah"ın qələbəsindən sonra 23,687-yə çatıb. Komandalarımız bu nəticə ilə Sloveniyanı (22,843) geridə qoyaraq 25-ci pilləyə yüksəliblər.
Əgər "Qarabağ" da Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanarsa, Azərbaycanın reytinqdə İsrail, Ukrayna və hətta Rumıniyanı da qabaqlamaq üçün şansı yaranacaq.













