FİFA-nın Etika Komitəsinə qurumun prezidenti Canni İnfantino ilə bağlı rəsmi şikayət daxil olub.
Matc.az xəbər verir ki, bu barədə miqrant fəhlələrin hüquqları, siyasi repressiyalar və idman məsələləri ilə məşğul olan "FairSquare" qeyri-kommersiya təşkilatı məlumat yayıb.
Bildirilir ki, sənədə 100 mindən çox insan imza atıb. "FairSquare" ötən ilin dekabrında da İnfantinodan şikayət etsə də, Norveç Futbol Assosiasiyası və Avropa Parlamentinin 50 deputatının dəstəyinə rəğmən, komitədən cavab ala bilməyib.
FİFA rəhbəri ABŞ prezidenti Donald Trampla münasibətlərində səlahiyyətlərindən sui-istifadə etməkdə və siyasi neytrallığı pozmaqda ittiham olunur. Şikayətdə səkkiz epizod, o cümlədən Donald Trampın amerikalı hücumçu Folarin Baloqonun qırmızı vərəqəsinin ləğvi üçün FİFA-dan xahiş etməsi və dünya çempionatının hüquqlarının satışı ilə bağlı qalmaqal yer alıb.
Sənəddə İnfantinonun Trampa "Sülh mükafatı" verməsi, onun təşkil etdiyi Yaxın Şərq Sülh Şurasında iştirakı və "təkcə Amerikanı deyil, bütün dünyanı möhtəşəm etmək" vədi də xatırladılıb.
"100 min insanın bu məsuliyyət çağırışına imza atması ictimaiyyətin artan narahatlığının bariz göstəricisidir. Futbolun dürüstlüyünü və nüfuzunu qorumaq missiyası daşıyan Etika Komitəsi müstəqil məhkəmə orqanı kimi operativlik, şəffaflıq və diqqətlə hərəkət etməlidir", - deyə "FairSquare" təşkilatının məktubunda qeyd olunub.













