“Gəncə” basketbol klubunda sular durulmaq bilmir. Cəmi üç gün öncə baş məşqçi Martin Knejeviçlə yolları ayıran klub rəhbərliyi, bu dəfə də gözlənilməz bir addımla gündəmə gəlib.
Söhbət FIBA Avropa Kubokunun müntəzəm mövsümü çərçivəsində oktyabrın 21-də Bolqarıstanın Samokov şəhərində keçirilməsi planlaşdırılan “Rilski Sportist” – “Gəncə” qarşılaşmasından gedir. Klubun rəsmi açıqlamasında səfərlə bağlı çətinliklərin yarandığı bildirilsə də, idman kulislərində gəzən söz-söhbətlər məsələnin arxasında maliyyə sıxıntısının dayandığına işarə edir.
Əslində, komandada idarəetmə və maliyyə axınları ilə bağlı müəyyən sualların olduğu öncədən bəlli idi. Bəs bu komandanı bu həddə gətirib çıxaran idarəçilik modelinin arxasında kimlər durur?
Təhsil sahəsindən basketbol meydançasına...
Klubun düşdüyü acınacaqlı vəziyyətin köklərini anlamaq üçün təxminən bir il öncəyə göz gəzdirmək kifayətdi.
Ötən ilin sentyabrında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Azərbaycan Basketbol Federasiyasının (ABF) rəhbərliyi ilə keçirilən görüşdə diqqətçəkən bir qərar qəbul edildi. Görüşün nəticəsi olaraq “Gəncə” basketbol klubunun idarəçiliyi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinə həvalə olundu, eyni zamanda klubun AHİK İdman Təşkilatları Assosiasiyasına üzvlüyü nəzərdə tutuldu. Araz Paşayevin rəhbərlik etdiyi komitəyə bu etimadın göstərilməsi isə federasiya rəhbərliyinin təşəbbüsü ilə baş tutdu.
Ancaq 2025-ci ildən etibarən klubun idarəçiliyinin tam şəkildə müəllimlərin və təhsil işçilərinin həmkarlar ittifaqına tapşırılması idman ictimaiyyətində bir sıra haqlı suallar doğurmağa başladı.
Cavabsız qalan iddialar və idarəetmə sualları
Gələn xəbərlərə görə, idarəetmə mexanizmindəki bəzi qaranlıq məqamlar narahatlıq yaradır:
İddialara görə, təhsil işçilərinin sosial müdafiəsi və hüquqlarının qorunması üçün toplanan üzvlük haqlarının bir hissəsi klubun ehtiyaclarına yönəldilir. Bu addımın nə dərəcədə məqsədəuyğun olduğu isə müzakirə mövzusudu.
Məlumatlara görə, komandanın əcnəbi basketbolçularının Xaçmaz rayonundakı Təhsil İstirahət Mərkəzində vaxt keçirir və bu xərclərin hansı mənbədən qarşılandığı da maraq doğuran məqamlardandır.
Klubun direktoru Elnur Cəfərovun təyinatı da diqqətdən yayınmır. Bank sektorundan gələn və vətəndaşların qəbulu üzrə məsul vəzifə daşıyan bir şəxsin eyni zamanda Gəncədəki basketbol komandasına rəhbərlik etməsi, iş vaxtının və məsuliyyətlərin necə bölündüyü haqqında suallar yaradır.
Həmkarlar ittifaqları ictimai təşkilat olduğu üçün onların fəaliyyətində şəffaflıq və cəmiyyətə açıq hesabatlılıq əsas şərtdir. Bu baxımdan, ictimaiyyət aşağıdakı suallara aydınlıq gətirilməsini gözləyir:
Təşkilatın idman sahəsindəki maddi-texniki bazası və ayrılan resurslar hansı konkret layihələrə sərf olunur?
Son 10 ay ərzində neçə idman tədbiri təşkil edilib və bu kütləvi tədbirlərə neçə iştirakçı cəlb olunub?
Ən əsası, FIBA Avropa Kubokundakı cavabdeh oyuna gedə bilməyən bir komandanın gələcək taleyi necə olacaq?
Region basketbolunun nüfuzuna xələl gətirən bu qeyri-müəyyənliyin tezliklə aradan qaldırılacağına və aidiyyəti qurumların məsələyə aydınlıq gətirəcəyinə ümid edirik.
“Gəncə” klubu yazıda səslənən iddialar cavab vermək istəməyib. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına göndərilən sorğuya isə cavab ala bilmədik. Bununla belə, hər iki tərəfin mövqeyini işıqlandırmağa hazırıq.












