Səudiyyə Ərəbistanına edilən husi hücumları nəticəsində ölkənin yüksək futbol divizionunun bir sıra matçlarının təxirə salınması barədə qərar qəbul edilib.

Matc.az xəbər verir ki, bu barədə "Diario AS" idman nəşri məlumat yayıb.

Bildirilir ki, söhbət oktyabrın 16-sı əvəzinə dekabrın 19-da keçiriləcək "Əl-Riyad" – "Əl-Hilal" və "Əl-İttihad" – "Əl-Şabab" matçlarından, həmçinin oktyabrın 15-dən 2027-ci il martın 6-na keçirilən "Əl-Əhli" – "Əl-Nasr" qarşılaşmasından gedir.

Yerli futbol qurumları bildirirlər ki, bu təxirəsalınmalar təhlükəsizlik mülahizələri ilə deyil, Ər-Riyad hava limanına edilən hücumdan sonra yaranan logistika problemləri ilə bağlıdır.

Qeyd olunur ki, bir sıra futbolçular yaranmış vəziyyətlə əlaqədar artıq regionu tərk ediblər. Bununla belə, nəşrin məlumatına görə, çempionatın əsas futbol ulduzu – "Əl-Nasr"ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldu ölkədə qalıb. Bundan əlavə, "Dakar" rallisinin və növbəti futbol üzrə Asiya Kubokunun keçirilməsi ilə bağlı da narahatlıqlar mövcuddur.

Xatırladaq ki, Asiya Çempionlar Liqasının ikinci turu çərçivəsində Ər-Riyadda Səudiyyə Ərəbistanının "Əl-Nasr" və Özbəkistanın "Neftçi" Fərqanə komandaları arasında keçirilən matç hücum təhlükəsi səbəbindən bir saat gec başlayıb. Yekunda qarşılaşma Ronaldunun komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest