“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının X turunda “Araz-Naxçıvan”la heç-heçə etdikləri oyun (2:2) barədə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
O, qarşılaşmanın komandası üçün uğursuz başladığını bildirib:
“Matç bizim üçün çox pis başladı. İlk 15-20 dəqiqədə çoxlu top itkisinə yol verdik. Müdafiədən çıxarkən topu itirdik və rəqib bundan istifadə edərək qol vurdu. Sonradan üstünlüyü ələ aldıq, fasiləyə qədər çoxsaylı hücumlar qurduq. Təəssüf ki, qol vura bilmədik.
İkinci hissəyə də fəal başladıq, amma həmin dəqiqələrdə ikinci qolu buraxdıq. Bundan sonra hesabı dəyişmək daha da çətinləşdi. Buna baxmayaraq, üç gün əvvəl 120 dəqiqə oynamış futbolçularımız böyük xarakter göstərdilər və sona qədər mübarizə apardılar. Qələbə qazanmaq istəyirdik, amma rəqibin də gücünü nəzərə almaq lazımdır. Heyətlərində təcrübəli futbolçular var və son turlarda da inamlı çıxış edirdilər. Futbolçularıma təşəkkür edirəm. Bu gedişatda bir xal da bizim üçün önəmlidir”.
Sadıqov “Sumqayıt”la görüşdə 2:0 hesablı üstünlüyün əldən verilməsi, bu dəfə isə 0:2-dən geri dönüş etmələri ilə bağlı suala da münasibət bildirib:
“Futbolda belə hallar olur. İlk 15-20 dəqiqədə yaxşı oynamadıq, amma qol buraxdıqdan sonra reaksiya verdik. “Sumqayıt”la görüşdə də yaxşı reaksiya göstərmişdik. Çempionatdakı rəqiblərimizin heyətləri güclüdür. Hər birində nəticəni dəyişə biləcək təcrübəli və usta futbolçular var. Daha çox çalışmalı və yaratdığımız üstünlüyü nəticəyə çevirməliyik. Üstünlük əldə edirik, amma hər zaman bundan yararlana bilmirik”.
Baş məşqçi meydana sonradan daxil olan Mehdi Mişahşanın ilk toxunuşunda qol vurmasına da aydınlıq gətirib:
“İki planımız var idi. Birincisi, Mehdi standart vəziyyətlərdə yaxşı oynayır. İkincisi, onu mərkəz müdafiəçisi mövqeyinə çəkərək Ruan Renatonu hücuma göndərməyi düşünürdük. Daha çox cinahlardan hücum etməyi planlaşdırırdıq. Qol vurduğumuz üçün Ruan öz mövqeyində oynamağa davam etdi.
2:2-dən sonra da qol imkanlarımız oldu, amma bir epizodda dəqiqlik çatmadı. “Səbail”lə 120 dəqiqəlik oyun keçirmişdik və heyəti istədiyimiz kimi formalaşdıra bilmirik. Qəribə hadisələr çox olur. “Səbail”lə matçda rəqib 80-ci dəqiqədə ikinci sarı vərəqədən qırmızı vərəqə alıb meydandan qovulmalı idi. Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq. O məqam da bizim başımıza gəldi. Buna görə də oyun əlavə vaxta getdi. 3-4 futbolçu 17 kilometrə yaxın qaçmışdı. Bunların hamısı bizim üçün sınaqdır. Çalışıb mübarizəmizi aparmalıyıq”.













