Tbilisi "Dinamo"sunun məşqçisi Xisko Munyos Gürcüstan mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, ispaniyalı köməkçi məşqçi Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ" ilə keçiriləcək oyunları dəyərləndirib.
- Avropa Liqasının I təsnifat mərhələsində "Enqordani" ilə oyunları necə dəyərləndirirsiniz?
- Oyunlara yaxşı hazırlaşmışdıq və yüksək səviyyədə çıxış etdik. Nəticədən məmnun qaldıq. Təbii ki, növbəti rəqibimiz daha yaxşı hazırlığa və enerjiyə sahib olacaq. Bir mərhələ keçmək bizim üçün maksimum göstərici sayılmamalıdı.
- "Qəbələ" son rəsmi oyununu mayın 19-da keçirib. Rəqibiniz barədə nə qədər məlumatlısınız?
- Bu yöndə dərin çalışmalarımız oldu. Videolarına baxdıq, oyunçularını dəyərləndirdik. Yeganə problem Azərbaycan klubunun sonradan heyətinə qatdığı futbolçulardı. Fikrimcə, bu problemi də yoluna qoyacağıq və futbolçularımız həm kollektiv, həm də fərdi şəkildə güclərini ortaya qoya biləcəklər.
- Növbəti mərhələ şanslarını yarı-yarıya qiymətləndirirsiniz?
- Şəxsən mən şansımızı yüksək dəyərləndirirəm. Daha güclü və ya zəif rəqib olsaydı, belə deməzdim. Bu fikri "Qəbələ" haqda toplanan məlumatlara əsasən deyirəm. Əminəm ki, çətin olacaq. Ancaq oyunçularımıza inanırıq. Bu inam son illər "Dinamo"nun səviyyəsini artırır, nəticələrini yaxşılaşdırır. Komanda psixoloji və fiziki cəhətdən yaxşı durumdadı. Ev matçında azarkeşin çox olması bizim üçün önəmlidi. Qəbələdə hansı hesabın qeydə alınmasından asılı olmayaraq, fanatlarımızın dəstəyinə ehtiyacımız olacaq.
- "Qəbələ"nin I təsnifat mərhələsini buraxmasını sizin üçün üstünlük saymaq olar?
- Bu komponentdə üstünlüyümüzün olduğunu düşünmürəm. "Qəbələ" heyətinə təcrübəli futbolçular cəlb edib. Avrokuboklardan söhbət gedirsə, burda bütün futbolçuların maksimum gücünü ortaya qoyması normaldı. ümumiyyətlə, rəqibə qarşı necə oynamaq vacib deyil. Əsas odu ki, ona qarşı gələ biləsən.
- Yeni transferlər "Dinamo" formasının dəyərini bilirlər?
- Yenilərin oyun sisteminə uyğunlaşması üçün çox vaxt lazımdı. Biz onlara inanırıq. Transferlərdən maksimumu almalı olduğumuz anı gözləyirik. Hədəfimiz ölkə çempionatının qalibi olmaq və Avropa Liqasında mümkün qədər irəliləməkdi. Bu yolda yenilərə çox ehtiyacımız olacaq.