Portuqaliyalı çalışdırıcı futbolçularının mübarizəsindən razı qaldığını, lakin son dəqiqələrdə fiziki gücün tükənməsinin nəticəyə təsir etdiyini bildirib

“Sumqayıt”ın baş məşqçisi Felipe Kandido “Qarabağ”a 2:4 hesablı məğlubiyyəti şərh edib.

Matc.az xəbər verir ki, 47 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində keçirilən görüşdən sonra mətbuat konfransında komandasının çıxışını dəyərləndirib.

Portuqaliyalı çalışdırıcı futbolçularının mübarizəsindən razı qaldığını, lakin son dəqiqələrdə fiziki gücün tükənməsinin nəticəyə təsir etdiyini bildirib:

“İlk növbədə, oyunçularımla fəxr etdiyimi demək istəyirəm. Onlar hər stadionda və hər rəqibə qarşı sona qədər mübarizə aparırlar. Hər oyuna qələbə qazanmaq istəyi ilə çıxırıq.

İlk hissədə balanslı mübarizə getdi. Rəqib topa daha çox sahib olsa da, ilk 40 dəqiqədə intizamlı oynadıq. Təəssüf ki, son 5 dəqiqədə iki fərdi səhvə yol verdik. “Qarabağ”ın keyfiyyətli futbolçuları var və onlar belə səhvləri bağışlamırlar.

Fasilədə futbolçulara qorxmadan oynasaq, nəticəni dəyişə biləcəyimizi dedim. Bunu bacardıq və hesabı 2:2 etdik. Lakin sonradan enerjimiz tükəndi. Gücümüz çatdığı müddətdə rəqabət aparırıq, daha sonra isə çətinliklərlə üzləşirik. Məğlubiyyətə baxmayaraq, gələcəkdə bu komandaya və ya bu səviyyədə olan digər rəqiblərə qalib gələ biləcəyimizə inanıram”.

Kandido səfərdə iki qol vurduqdan sonra üstünlüyü qoruya bilməmələrinin səbəblərindən də danışıb. O, heyətdəki itkilərin komandaya təsir etdiyini vurğulayıb:

“Haqlısınız, səfərdə iki qol vurduğumuz oyunlarda ən azı bir xal qazanmalıyıq. Həm “Zirə” ilə görüşdə, həm də bu dəfə bunu bacarmadıq.

İlk turdan etibarən heyətimizdə itkilər olub, heç vaxt tam heyətlə oynaya bilməmişik. İlk matçdan sonra Səbuhini, daha sonra Ciamı itirdik. Bu görüşdə isə Bangre və Blek meydana çıxa bilmədi.

Oyunun sonunda Sumqayıt Futbol Akademiyasının dörd gənc futbolçusuna şans verdim. Ayxan, Nihad Orucəli, Nadir Orucov və daha bir gənc oyunçunu meydana buraxdıq. Bu, bizim üçün çətin olsa da, eyni zamanda təcrübə qazanırıq.

Hesabda üstünlük əldə etdikdən sonra oyunun tempini və vaxtını idarə etməyi də öyrənməliyik. Bu istiqamətdə inkişaf etməyə çalışırıq. İnanıram ki, gələcəkdə hər şey daha yaxşı olacaq”.

Baş məşqçi sonda futbolçularının nümayiş etdirdiyi əzmkarlığın onun üçün nəticədən daha vacib olduğunu qeyd edib:

“Futbolda bizi fərqləndirən yeganə məqam idman nəticələri deyil. Bəzən əsas məsələ göstərdiyimiz münasibət və əzmkarlıqdır. Bu gün futbolçularımda bunu gördüm və çox şadam. Mübarizə əzmi olduğu müddətdə hər şeyin yaxşı olacağına inanıram”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest