“Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem La Liqanın 14-cü turunda “Alaves”ə qarşı keçirilən və komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatan oyunda meydandan qovulmasına səbəb olan epizodu şərh edib. Matc.az xəbər verir ki, ingiltərəli futbolçu simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılması ilə bağlı fikirlərini bölüşüb.
 
Madridin “Santyaqo Bernabeu” stadionunda keçirilən qarşılaşmanı Sezar Soto Qrado idarə edib. Görüşün 88-ci dəqiqəsində Bellinqem rəqibin cərimə meydançasında yıxılıb. Hakim epizodu simulyasiya kimi qiymətləndirərək futbolçuya ikinci sarı vərəqəni göstərib.
 
Bellinqem isə həmin epizodda rəqib futbolçunun onun diz və bud nahiyəsinə toxunduğunu bildirib:
 
“Dizimə və bud nahiyəmə təmas olduğuna 100 faiz əminəm. Məncə, arxadan çəkilmiş görüntülər də bunu təsdiqləyir.
Həmin görüntünün hakimə niyə göstərilmədiyini başa düşə bilmirəm. Hakim təmasın penalti təyin etmək üçün kifayət qədər ciddi olmadığı qənaətinə gələ bilərdi. Bu, tamamilə ədalətli qərar olardı. Lakin belə olan halda mənə simulyasiyaya görə ikinci sarı vərəqə göstərilməsi ehtimalı da az olardı.
 
Heç kimi günahlandırmaq və ya süni gərginlik yaratmaq istəmirəm. Sadəcə, hadisə ilə bağlı öz fikirlərimi bölüşürəm. Nəticədə qırmızı vərəqə ilə yekunlaşan iki ağılsız vəziyyətə düşdüyüm üçün bütün məsuliyyəti öz üzərimə götürürəm”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest