“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sumqayıt” üzərində 4:2 hesablı qələbəni şərh edib.

Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının XIII turunun görüşündən sonra keçirilən mətbuat konfransında komandasının çıxışını dəyərləndirib, həmçinin qarşıdakı oyunlar və futbolçuların vəziyyəti barədə danışıb.

Qurban Qurbanov əvvəlcə qələbəyə görə futbolçularına təşəkkür edib:

“İlk növbədə, futbolçularımı həm qələbəyə, həm də göstərdikləri oyuna görə təbrik edirəm. Qarşımızda çox yaxşı komanda var idi. Həm müdafiə olunmağı bacaran, həm də yaxşı oyun təşkilatına malik kollektivlə qarşılaşdıq. Hər oyunda futbolçuların keyfiyyəti və ümumi oyun səviyyəsi daha da yaxşılaşır. Azarkeşlər üçün maraqlı və bol qollu qarşılaşma alındı. Hər iki komandaya, xüsusilə də soyuq havaya baxmayaraq stadiona gələrək bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm”.

Baş məşqçi komandanın beş oyunluq qələbəsiz seriyanı başa vurmasının əhəmiyyətindən də danışıb:

“Belə hallar futbolda olur. Çempionatın gedişində bu cür vəziyyətlərlə qarşılaşmaq mümkündür. Buna baxmayaraq, öz işimizdən və inamımızdan əl çəkmədik, həvəslə çalışdıq. Son vaxtlar futbolçulara irad bildirəcəyim ciddi bir məqam görmürəm. Həm məşqlərdə, həm də oyunlarda çox çalışqan, intizamlı və məsuliyyətlidirlər. Sadəcə, bir qədər uğursuz seriya yaşadıq.

Amma bu o demək deyil ki, həmin seriyanı geridə qoymuşuq və bir daha belə hal olmayacaq. Bütün rəqiblər bizə qarşı ciddi hazırlaşırlar. Hər komanda oyun sistemində dəyişiklik edir, fərqli üslubda oynamağa çalışır. Bu da bizi qarşılaşmaların gedişində müəyyən dəyişikliklər etməyə vadar edir.

Qələbə və qol seriyası sevindiricidir. Dörd qol vurmaq çox xoşdur, xeyli qol epizodumuz da oldu. Ancaq iki qol buraxmaq bir qədər ağır gəlir. Hazırda futbolun keyfiyyəti xeyli yüksəlib. Bol qollu qarşılaşmalar futbola marağı və sevgini artırır, azarkeşlər üçün daha maraqlı olur”.

Qurban Qurbanov zədədən əziyyət çəkən Elvin Cəfərquliyevin yaşıl meydanlara qayıdışından da söz açıb:

“Böyük ehtimalla, yanvar ayında hazırlıq prosesinə başlayanda komandaya qoşulacaq. Bərpa prosesi pis getmir. Bəlkə də dekabrın sonlarına, son oyunlara yaxın ona müəyyən qədər şans verməyə çalışacağıq. Ancaq zədəsi ağır və təhlükəli idi, əməliyyat da keçirmişdi. Buna görə ehtiyatlı davranırıq. Özünü tam yaxşı hiss etsə və məşqlərdəki yüklənmələrə hazır olsa, dekabrda meydana çıxa bilər”.

Təcrübəli çalışdırıcı Azərbaycan Kubokunda “Sumqayıt”la yenidən qarşılaşmalarının çətinliklərindən də bəhs edib:

“Eyni rəqiblə ardıcıl iki oyun keçirəndə müəyyən diskomfort yaranır. Həmişə demişəm ki, kubokun fərqli nüfuzu var. Bəlkə də ən gözlənilməz nəticələr məhz kubok oyunlarında qeydə alınır. Buna görə çox ciddi olmalıyıq. Bu matça necə hazırlaşmışıqsa, növbəti qarşılaşmaya da eyni qaydada hazırlaşmağa çalışacağıq. Qarşımızda yaxşı futbolçulara və oyun sisteminə malik kollektiv var”.

Qurban Qurbanov turnir cədvəlində “Neftçi”, “Sabah” və “Turan Tovuz”un “Qarabağ”ı qabaqlamasına münasibət bildirib:

“Əlbəttə, bu, istər-istəməz narahatlıq yaradır. Əsasən öz mövqeyimizdən narahatıq. Çünki daha yaxşı çıxış edə və turnir cədvəlində daha yüksək pillədə qərarlaşa bilərik. Digər tərəfdən, Avropada oynamaq istəyən komandaların sayının artması sevindiricidir. Bu, futbolun inkişafına müsbət təsir göstərə bilər.

Buna baxmayaraq, inamla hazırlaşırıq. Hər oyuna ciddi məsuliyyətlə yanaşacaq və sona qədər mübarizə aparacağıq”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest