"Tuladakı oyunu görə bilmədim. Nəticə əlbəttə ki, ürəkağrıdıcıdı". Matc.az saytının məlumatına görə, bunu "Zenit"in ikinci komandasının baş məşqçisi Vladislav Radimov deyib.

44 yaşlı mütəxəssis yerli mətbuata müsahibəsində Rusiya klublarının avrokuboklardakı şanslarını dəyərləndirib. Radimov Avropa Liqasının II təsnifat mərhələsində Tula "Arsenal"ının "Neftçi" ilə cütlüyünə də münasibət bildirib.

İlk görüşdəki məğlubiyyətin məyusedici məqam olduğunu söyləyən Rusiya millisinin sabiq futbolçusu "Arsenal"ın mərhələ adlamaq şansını az görür: "UEFA reytinqində Portuqaliya ilə mübarizə apardığımız məqamda "Arsenal"ın məğlub olması yerinə düşmədi. Əgər portuqaliyalılar bu mövsüm bizi qabaqlasa, çempionlar Liqasında bir yer itirəcəyik. Digər tərəfdən "Arsenal"dan ilk ilində Avropada uğur gözləmək yersizdi. Yay fasiləsində hücum "trio"su olan Corceviç, Bakayev və Mirzov komandadan ayrıldı. Ay yarım ərzində liderlərə layiqli əvəzləyici tapmaq müşkül məsələdi".

Qeyd edək ki, Tulada keçirilən ilk oyunda "Neftçi" 1:0 hesablı qələbə qazanıb. Komandalar arasında cavab görüşü avqustun 1-də "Bakcell Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest