31 İyul 2019, 21:32
AVROPA LİQASI
"Evdə məğlub olmuşuq. Rəqib hazırlıqlı görünürdü, bizim komanda isə yenilənib, bəzi oyunçular ilk dəfə idi avrokuboklarda çıxış edirdi. Amma bura uduzmağa yox, bacardığımızın ən artığını etməyə çalışacağıq"
"Evdə məğlub olmuşuq. Rəqib hazırlıqlı görünürdü, bizim komanda isə yenilənib, bəzi oyunçular ilk dəfə idi avrokuboklarda çıxış edirdi. Həyəcan hiss olunurdu. Amma bura uduzmağa yox, bacardığımızın ən artığını etməyə çalışacağıq". Matc.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Gürcüstanda Tiflis "Dinamo"sua qarşı keçirəcəkləri Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib. Gənc mütəxəssis digər sualları da cavablandırıb:
- "Qəbələ"nin heyətindəki gürcüstanlı legionerlər barədə nə fikirdəsiniz?
- Həm Davit Volkovi, həm də Merab Giqauri komandamız üçün vacib oyunçudur. Hər ikisinin potensialına inanıram. Volkov titul qazanmaqda bizə çox kömək etdi. Onlar komandaya tez uyğunlaşdılar.
- "Dinamo"nun heyətində bəyəndiyiniz və komandanızda görmək istədiyiniz futbolçu var?
- Rəqib kompakt komandadır. Kollektiv formada yaxşı çıxış edirlər. Bütövlükdə bir neçə ad çəkə bilərəm. Kapitan və hücum xəttindəkilər sürətlidirlər. Əlbəttə, öz komandama inanıram və onların yüksək səviyyədə çıxış edəcəklərini düşünürəm.
- İlk oyundan sonra Azərbaycan mediasında sizin istefa verəcəyinizə dair xəbərlər yayılıb. Sizcə, hansı məqamlar məğlubiyyətinizə səbəb oldu?
- Komandamız yenidir, gəncdir. Yollarımızı ayırdığımız futbolçular var, strategiyamıza əsasən, akademiyamızın futbolçularına şans verməliyik. İki mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış etmişik. Əlbəttə, uğursuzluq təqdirində istənilən məqama hazırıq. Amma istefa barədə söhbətimiz olmayıb. Gənc və təcrübəlilərdən ibarət vəhdət yaratmaq istəyirik.
- "Qəbələ" çətin işin öhdəsindən gəlmək üçün nələr etməlidir?
- İlk oyundan sonra futbolçularla danışmışıq. Onlar da video analizlərdə çatışmazlıqları görüblər. Top itkilərinə yol verməməli, hücumlarda kəsərli olmalıyıq. özümüzü çətinə salsaq da, rəqib keçilməz deyil. Əllərimizi yanımıza salıb çıxmaq fikrində deyilik. çalışacağıq ki, müsbət nəticə göstərək.
- Heyətdə zədə problemi varmı və "11-lik"də hər hansı dəyişiklik etməyi düşünürsünüz?
- Zədəli futbolçumuz yoxdur. Amma ola bilər ki, ilk matçla müqayisədə start heyətdə iki futbolçunu dəyişək. (Report)