"Tuladakı stadionda atmosfer super idi. Azarkeşlərin dəstəyi bizə təzyiq göstərmədi. Əksinə, dolu tribunalar önündə oynamaq xoş idi. Axı biz azarkeşlər üçün oynayırıq. Əgər onlar tribunada olmasaydı, bəlkə də, belə uğurlu nəticə əldə etməzdik". Matc.az saytının məlumatına görə, bunu "Neftçi"nin müdafiəçisi Kiril Petrov deyib. Komandasının Avropa Liqasının II təsnifat mərhələsində "Arsenal"la keçirdiyi ilk oyunu dəyərləndirən ukraynalı futbolçu cavab matçına da toxunub.
29 yaşlı məkəz müdafiəçisi səfərdəki 1:0 hesablı qələbəni unutduqlarını söyləyib: "Bakıdakı stadionumuz bir qədər balacadı və çempionat oyunlarına çox adam gəlmir. Ancaq ümid edirəm ki, "Arsenal"la cavab görüşündə tribunalar tam dolar. Fikrimcə, cavab matçı ilk oyuna bənzəyəcək. üstünlüyü düşünmək lazım deyil. Tuladakı oyunun 0:0 nəticələndiyini düşünərək meydana daxil olacağıq".
Petrov ilk oyun öncəsi Rusiyaya yollanarkən Bakı aeroportunda uzun müddət gecikmələrinə baxmayaraq, bunu ciddi problem saymır: "Tulaya gedərkən 5 saatdan çox gecikmə olsa da, dəhşətli heç nə olmamışdı. Bütün bunlar matçdan bir gün əvvəl baş vermişdi. İstirahət etməyə, pərpa olunmağa vaxtımız oldu. Tulada məğlub olsaydıq belə, bu gecikməni bəhanə kimi göstərməyəcəkdik. Peşəkar futbolçularıq və bizi oyunlara yaxşı hazırlamağı bacaran həkimlərimiz, masajçılarımız var".
Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək cavab görüşü saat 21:00-da başlayacaq.