"Birinci hissə istədiyimiz məcrada keçdi. Səfər meydanında 2 qol vurduq. İsraildə üzərimizə düşən vəzifəni tamamlamalıyıq". Matc.az saytının məlumatına görə, bunu "Bney Yehuda"nın hücumçusu Dor Yan deyib.
Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Neftçi"nin qonağı olan İsrail klubu Bakıdan 2:2 hesablı bərabərliklə ayrılıb. Yerli mətbuata açıqlamasında qarşılaşmanı dəyərləndirən Yan qələbə hesabını qoruya bilmədiklərindən, məyusluğunu dilə gətirib.
Ancaq 25 yaşlı forvard yenə də hazırkı nəticənin onların xeyrinə olduğunu vurğulayıb: "Baş məşqçimiz bir həftədi bizi bu oyuna hazırlayırdı və rəqiblə müqavimət göstərməyin yollarını başa salırdı. Bir oyunda 2:1 hesablı qələbə qazanmaqla, 2:2 bərabərə qalmaq arasında böyük fərq var. Ancaq buna baş qoşmağa vaxtımız yoxdu. Matçdan əvvəl "Neftçi"nin asan qələbə qazanacağı atmosfer yaranmışdı. Bəlkə də, onlar belə düşünürdülər. Bu da, əlbəttə ki, bizim xeyrimizə işlədi. Qələbə hesabını cəmi 1 dəqiqə saxlaya bilmədik. Futbolda da hər dəqiqənin hökmü var. Ancaq belə görüşdən də müsbət məqamlar götürməyi bacarmalısan. Şəxsən mən pozitiv mənada çox şey gördüm. Birlikdə cəmi ikinci oyunumuzu keçirdiyimizi də unutmamalıyıq. Başladığımız işi gələn həftə özümüz tamamlamalıyıq. Növbəti mərhələyə yüksəlmək bizim üçün böyük uğur olacaq".
Dor Yan hücum xəttindəki yeni tərəfdaşı Məhəmməd Qadirin ünvanına tərif yağdırıb. O, dünənki görüşdə 1 qol vuran yeni transferin komandaya xeyir verəcəyini düşünür: "Qadir çox ağıllı futbolçudu, bu gün də mükəmməl çıxış etdi. O, bu komandaya böyük köməyi dəyəcək əla oyunçudu. Həmçinin komanda da ona kömək edə bilər. Qadir bizimlə olduğu üçün şadıq. "Bney Yehuda"nın formasını geyinməyə layiq olduğunu da "Neftçi" önündə göstərdi".
Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 15-də Tetah Tikvadakı "HaMoşava" stadionunda keçiriləcək.