14 Avqust 2019, 21:11
AVROPA LİQASI
"Sabah bizi güclü komanda ilə çətin oyun gözləyir. çünki rəqibimiz yaxşı hazırlıqlıdır. İlk oyunda düzgün mövqe seçərək arxada qapandılar və fərdi keyfiyyətlərə malik oyunçular sayəsində çətinliklər yaradırlar. Məncə, rəqibin cüzi də olsa, üstünlüyü var. Bizə qarşı fərqli taktika ilə çıxacaqlar. Maraqlı oyun gözlənilir". Matc.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin İsraildə "Bney Yehuda" ilə keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçından öncə mətbuat konfransında deyib.
54 yaşlı mütəxəssis bildirib ki, "Bney Yehuda" ilk matçda bütün heyətlə müdafiəyə qapanıb. Onun fikrincə, İsrail təmsilçisi sabah da eyni taktika ilə çıxış edəcək.
İtaliyalı məşqçi 2 top buraxmalarına rəğmən sonadək xarakter göstərdiklərini vurğulayıb. O, komandasına inandığını və işinin öhdəsindən gələcəklərinə əminliyini diqqətə çatdırıb.
Bordin ilk matçda yarımmüdafiədə problemlərin olması fikri ilə razılaşmayıb. Onun sözlərinə görə, "Bney Yehuda" əks-hücumlar nəticəsində qollar vurmağı bacarıb: "Bunlar taktikadan yox, istəkdən, oyuna yanaşmadan asılı məsələlərdir".
Mütəxəssis Baqali Dabonun artıq komanda ilə məşqlərə qoşulduğunu da diqqətə çatdırıb. O, sabahkı matçda kimin meydana çıxmasının hələ dəqiq olmadığını söyləyib. Baş məşqçi rəqibin qapanan müdafiəsini yarmağın daha da çətin olacağını deyib. Bordin fikrini ilk matçda "Bney Yehuda"nın qollu heç-heçəyə nail olması ilə əlaqələndirib. (Report)
Qeyd edək ki, avqustun 15-də Petak Tikvadakı "Ha Moshava" stadionunda keçiriləcək "Bney Yehuda" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bakıdakı ilk görüş heç-heçə ilə nəticələnib - 2:2.