"İlk oyunun birinci hissəsində daha çox qol şansımız oldu. Fasilədən sonra isə nəticəyə uyğun olaraq, müdafiəyə qapandıq". Matc.az saytının məlumatına görə, bunu "Linfild"in müdafiəçisi Mark Stefford deyib.
Şimali İrlandiya çempionu Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində sabah "Qarabağ"ın qonağı olacaq. Belfastdakı qarşılaşmada 3:2 hesablı qələbə qazanan Şimali İrlandiya təmsilçisinin heyətində qollardan birinə məhz Stefford imza atıb.
ötən həftə ad gününü qeyd edən və ikinci övladı dünyaya gələn 32 yaşlı mərkəz müdafiəçisi qolu özü üçün üçüncü xoş an kimi xatırlayıb: "ötən həftə baş verənlər məni çox sevindirdi. Açığı, qol vuracağımı gözləmirdim. İlk 10-15 dəqiqədə rəqib müdafiəmizdə boşluqlar tapırdı. Xüsusən də, sağ cinahda bizə problem yaşadırdılar. Onların sol cinah oyunçusunu Kris zərərsizləşdirdikdən sonra B planları olmadı. "Qarabağ" futbolçularının boyu məni təəccübləndirdi. Rəqib güclü oyunçulara malikdi, ancaq "ikinci mərtəbə"də onlara təhlükə yaşadacağımızı bilirdim".
Stefford ilk görüşdə dubla imza atan Şeyn Laveri barədə xüsusi danışıb. O, "Qarabağ" oyunçularının Bakıda da ondan ehtiyatlanacaqlarını vurğulayıb: "Laverinin "Qarabağ"la oyundakı ikinci qolu xüsusi baxımlı alınmışdı. Rəqibin təcrübəli oyunçusunu aldatdı və işlək olmayan ayağı ilə qapıçını məyus etdi. Bakıdakı qarşılaşmada "Qarabağ"ın futbolçuları ondan çəkinəcəklər. Ancaq biz həm Laveriyə, həm də digər ön xətt oyunçularına güvənirik. Mübarizə apardığınız zaman hər zaman işıq yeri var. Hücumda təhlükəli olmalı və ələ düşən şansdan lazımınca yararlanmalıyıq. Rəqib bizə təzyiq göstərəcək, bütün qüvvə ilə hücuma atılacaq. Belədə müdafiədə kifayət qədər etibarlı oynamalı və sürətli əks-hücumlardan istifadə etməliyik".
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.