Robert Prosineçkinin Azərbaycan millisinə dönüşü baş tutmaya bilər. Matc.az saytının Xorvatiya mətbuatına istinadən məlumatına görə, təcrübəli mütəxəssisə daha bir müştəri çıxıb.

Həmkarlarımız 50 yaşlı çalışdırıcının yenidən Serbiyaya qayıtmaq ehtimalının olduğunu vurğulayıb. Məsələ burasındadı ki, Prosineçkinin həm futbolçu, həm də baş məşqçi kimi çalışdığı "Srvena Zvezda" yenidən onun xidmətində maraqlıdı.

Doğrudu, Belqrad təmsilçisi hazırda Serbiya Super Liqasında 20 turdan sonra liderdi və ən yaxın izləyicisindən 11 xal öndədi. Lakin komandanın çempionlar Liqasının qrup mərhələsində sonuncu yeri tutması, həmçinin 4 dəfə böyükhesablı məğlubiyyətə düçar qalması baş məşqçi Vladan Miloyeviçin postunu laxladıb. Serblər əgər Prosineçkini keçidə razı salmağa müvəffəq olsa, Milivoyeviçi istefaya göndərəcək.

Prosineçki özü isə yeni komandasının adını müəyyənləşdirməkdə tələsmir. O, bütün təklifləri götür-qoy etdikdən sonra qərarını qətiləşdirəcək.

Qeyd edək ki, Robert Prosineçki yenicə Bosniya və Herseqovina millisindən istefaya göndərilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest